Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-03-18
Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər etmişdir

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Baş prokuroru Həsən Erbilin dəvəti ilə hər iki ölkənin prokurorluq orqanları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə 15-19 mart tarixlərdə Türkiyə Respublikasında səfərdə olmuşdur. 

Martın 16-da nümayəndə heyəti tərəfindən Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarət edərək Böyük  Atatürkün əziz xatirəsi ehtiramla yad edilmiş, məzarı önünə əklil qoyulmuş, xatirə kitabına ürək sözləri yazılmışdır.

Daha sonra Türkiyə Baş Prokurorluğunda ikitərəfli görüş keçirilmişdir. Ölkəmizin nümayəndə heyətini səmimi salamlayan Baş prokuror Həsən Erbil bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir.

Baş prokuror Zakir Qaralov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə etmiş, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirmişdir. Baş prokuror çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini xüsusi olaraq vurğulamışdır. 

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmaqla həm ikitərəfli, həm də çoxtərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, habelə hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi məsələləri müzakirə edilmişdir.

Daha sonra hər iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan və Türkiyə prokurorluqları arasında Anlaşma Memorandumu imzalanmışdır.

Səfər çərçivəsində Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit, ədliyyə naziri Kənan İpək, İstanbul şəhər Baş prokuroru Hadi Salihoğlu və digər rəsmi şəxslərlə görüşlər keçirilməklə, prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğu vurğulanaraq, gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti tərəfindən Ankara və İstanbul şəhərlərində xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan parklar ziyarət edilməklə, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilmiş, abidəsi önünə əklil və gül dəstələri qoyulmuşdur.