Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-05-17
Korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdirilir

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan Korrupsiyaya qarşı mübarizə  sahəsində aparılan  ardıcıl və məqsədyönlü işlər çərçivəsində son aylar ərzində bır sıra mühüm normativ hüquqi aktlar qəbul edilmiş, zəruri   institusional tədbirlər həyata keçirilməkdədir.

 
 
 

     Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır.

     Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya  qarşı  mübarizənin daha ciddi aparılması üçün son vaxtlarda həyata keçirilmiş tədbirlər prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən  yüksək etimadın təzahürüdür.

     Belə ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinin qəbulu işinin təkmilləşdirilməsi üçün zəruri işlər davam etdirilərək, korrupsiya hüquqpozmaları barədə vətəndaşların müraciətlərinin qəbul edilməsi və operativ baxılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılmış və  3 mart 2011-ci il tarixdən fəaliyyətə başlamışdır.

 

     Azərbaycan Respublikası Prezidentinin 11 mart 2011-ci il tarixli  "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər haqqında" Fərmanına əsasən  Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılmış, Nazirlər Kabinetinə bir ay müddətində idarənin prokurorluq işçilərinin və xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən  mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılmışdır.

 

     18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında"  və "Prokurorluq haqqında" qanunlara dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində  ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu olan  Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmiş, korrupsiya ilə bağlı əməliyyat-axtarış tədbirlərinin  yalnız idarə tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

 

     Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2011-ci il tarixli Fərmanı ilə  Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin  dövlət orqanları  tərəfindən aparılan  elektron informasiya  ehtiyatlarından  (məlumat bazaları, məlumat-axtarış sistemləri və digər informasiya resursları) real vaxt rejimində  istifadəsinin  təmin edilməsi məqsədi ilə  müvafiq normativ-hüquqi aktlara  dəyişikliklər edilməsi  barədə təkliflərini  Dövlət başçısına  təqdim etmək vəzifəsi tapşırılmışdır. Eyni zamanda Dövlət başçısının qeyd olunan və 10 may  2011-ci il tarixli Fərmanları ilə idarənin Əsasnaməsində dəyişikliklər edilərək həmin idarəyə korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə  "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, zərurət yarandıqda  bu sahədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini  əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinə tapşırılması və görülmüş tədbirlər barədə məlumat almaq, korrupsiya ilə  əlaqədar hüquqpozmalar  haqqında daxil olan məlumatlar üzrə  ilkin yoxlamanın aparılması  və ya korrupsiya  ilə bağlı cinayətlərin istintaqı zamanı  müxtəlif peşə  sahələrində  xüsusi biliyə  malik şəxslərdən  istifadə etməklə  fiziki və ya  hüquqi şəxslərin  fəaliyyətinin yoxlanması məqsədi ilə  idarəyə  mütəxəssislər qrupunun yaradılması səlahiyyəti verilmişdir.

 

     Korrupsiyaya qarşı mübarizənin  gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan  irəli  gələn vəzifələrin həyata keçirilməsi üçün 12 may 2011-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə  idarəsinin strukturunun  təkmilləşdirilməsi, idarənin tərkibində  olan  struktur qurumların  Əsasnamələrinin təsdiq  edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanmışdır.

 

     Həmin əmrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə  idarəsinin artan iş yükü şəraitində işinin çevik təşkil olunması, səmərəli nəzarət mexanizminin  yaradılması, idarənin qoşulması nəzərdə tutulan digər dövlət və qeyri-dövlət qurumlarının məlumat bazaları, informasiya sistemləri və reyestrlərindən lazımi məlumatların əldə edilməsi, bu məlumatların əldə olunmasına dair idarə əməkdaşlarından daxil olmuş müraciətlərin əsaslılığına nəzarət, mürəkkəb korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və müxtəlif sahələri əhatə edən  çox epizodlu cinayət işlərinin istintaqı zamanı vaxt itkisinin qarşısının alınması, cinayət təqibinin tezliyinin təmin olunması üçün prokuror və müstəntiqlərə müvafiq qanunvericilik aktlarının axtarılıb tapılması və təmin olunmasında metodiki köməklik göstərilməsi məqsədilə Təşkilati və informasiya təminatı şöbəsi yaradılmışdır.

 

     Həmçinin idarənin səlahiyyətləri çərçivəsində əməliyyat-axtarış tədbirlərinin hazırlanıb  həyata keçirilməsi, korrupsiya cinayətləri törətmiş şəxslərin axtarışı, tutulması, korrupsiya cinayətlərinin istintaqı, habelə həmin işlərin məhkəmə baxışı zamanı cinayət prosesi iştirakçılarının təhlükəsizliyi və onlara qanunsuz təsirin qarşısının alınması  və digər vəzifələrin həyata keçirilməsi məqsədi ilə Əməliyyat şöbəsi və bu fəaliyyətin həyata keçirilməsinin texniki cəhətdən təmin olunması məqsədi ilə Əməliyyat təminatı şöbəsi təsis edilmişdir.

 

     İdarənin  5 ildən artıq müddət ərzindəki  fəaliyyətinin təhlili  korrupsiya ilə effektiv mübarizəni  inzibati və iqtisadi  metodların  vəhdətində görən Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliklə söylədiyi fikirləri bir daha təsdiqləməklə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı (preventiv) tədbirlərin mühüm əhəmiyyət daşıdığını göstərmişdir. İnformasiya təminatı ilə əlaqədar işlərin  yeni yaradılmış Təşkilati və informasiya təminatı  şöbəsi tərəfindən həyata keçiriləcəyi, habelə korrupsiyaya qarşı mübarizə sahəsində  qabaqlayıcı tədbirlərin xüsusi rolu və korrupsiya hüquqpozmaları üzrə ilkin araşdırmalar aparılması  nəzərə alınaraq idarənin Analitik-informasiya şöbəsi ləğv edilməklə, onun bazasında Preventiv tədbirlər və təhqiqat şöbəsi yaradılmışdır.

 

     Korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqının  çoxsaylı istiqamətlər üzrə aparılması, müxtəlif peşə  sahələri ilə əlaqədar icraatda olan ilkin araşdırma materialları, həmçinin cinayət işləri üzrə prokurorlara və müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyələr verilməsi və bu sahədə  yoxlamalar aparılması, eləcə də rəy tərtib edilməsi məqsədi ilə idarədə şöbə səlahiyyətli Mütəxəssislər qrupu yaradılmışdır.

 

     Prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin, həmçinin korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi və açılması, həmçinin cinayət işinin başlanmasını və istintaqın aparılmasını təmin etmək, idarədə iş yerlərinin və orada yerləşən texniki vasitələrin məlumat sızmasından qorunması, habelə məlumat çıxarılması üçün istifadə olunan vasitələrin aşkarlanması və onların zərərsizləşdirilməsi məqsədi ilə tədbirlərin görülməsi və müasir şəraitdə digər fəaliyyət istiqamətlərinə uyğun olaraq idarənin  Daxili təhqiqatlar şöbəsi ləğv edilərək onun bazasında Daxili Təhlükəsizlik Xidməti təsis edilmişdir.

 

     Qeyd olunanlara əsasən  idarənin təcrübəli kadrlarla daha da gücləndirilməsi məqsədi ilə rəhbər heyət və  digər təsnifatlar üzrə  təyinatlar aparılmış, rotasiya qaydasında müvafiq  dəyişikliklər həyata keçirilmişdir.