Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-05-26
Azərbaycan Respublikasının Baş Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edir

  Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində vakant olan əməliyyatçı və mütəxəssis  vəzifələrinə qəbulun həyata keçirilməsi ilə əlaqədar müsabiqə elan edir.

     Əməliyyatçı işi üzrə müsabiqəyə bir qayda olaraq, yaşı  35-dən yuxarı olmayan, ali hüquq təhsilli, əməliyyat-axtarış fəaliyyətinin subyektləri olan dövlət təsisatlarının müvafiq akademiyaları və digər tədris müəssisələrində əməliyyat işi üzrə kursları bitirmiş, ixtisası üzrə ən azı 5 il iş təcrübəsi olan, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar.

     Mütəxəssis işi üzrə müsabiqədə iştirak etmək üçün maliyyə, bank, mühasibat, əmtəəşünaslıq, tikinti, nəqliyyat, əmlak, sosial müdafiə, kənd təsərrüfatı, torpaqşünaslıq, kommunal xidmətlərdən istifadə və informatika sahələri üzrə ən azı 10 il iş stajı olan, ali təhsilli, bir qayda olaraq  yaşı 40-dan  yuxarı olmayan şəxslər müraciət edə  bilərlər.

     Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:

1. Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə;
2. şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti;
3. tərcümeyi-hal və kadrlar uçotuna dair anket (blanklar prokurorluqdan verilir);
4. 3x4 və 5x6 sm ölçülərdə, hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil;
5. ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri;
6. əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;
7. yaşadığı ünvan üzrə poliklinikadan (forma â„– 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayışlar;
8. yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
9. yaşadığı ünvan üzrə rayon (şəhər) hərbi komissarlığında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq edilmiş surəti.

     Sənədlər Baş Prokurorluğun əsas inzibati binasının Qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 02 iyul 2011-ci il tarixə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul olunacaqdır.

     Baş Prokurorluq üzrə 26 may 2011-ci il tarixli sərəncamla  Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin tərkibində fəaliyyət göstərən Əməliyyat və Əməliyyat təminatı şöbələrinin, habelə Mütəxəssislər qrupunun kadr tərkibinin formalaşdırılması üçün müvafiq əməliyyatçılar və mütəxəssislərin işə qəbulunun həyata keçirilməsi məqsədilə Müsabiqə komissiyası yaradılmışdır.

     Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, işləmək istədiyi vəzifəyə yararlılığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Mütəxəssislərin seçimi ilə əlaqədar keçirilən müsabiqədə Maliyyə Nazirliyi, Hesablama və Auditorlar Palatalarının yüksək ixtisaslı əməkdaşlarının iştirakı təmin ediləcəkdir.

     Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcəkdir.

     «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:

-ikili vətəndaşlığı olan şəxslər;
-digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
-din xadimləri;
-fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
-alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
-əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
-əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar.

     Müsabiqənin  tarixi və digər məlumatlar barədə mətbuatda, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə elan veriləcəkdir.

     Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-62-23, 492-63-62 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.