Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-03-29
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq qurumlarla əməkdaşlıq uğurla davam etdirilir

Martın 23-24-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 15-ci Monitorinq Görüşü keçirilmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının OECD təşkilatının Antikorrupsiya Şəbəkəsi üzrə milli koordinatoru, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Monitorinq görüşü zamanı OECD təşkilatı çərçivəsində Antikorrupsiya Şəbəkəsinə üzv olan bir sira dövlətlərin III raund qiymətləndirilməsinə dair hesabatların məruzəsi, ölkəmizin dövrü hesabatın dinlənilməsi, habelə Antikorrupsiya Şəbəkəsinin IV raund üzrə yeni proqramının müzakirəsi həyata keçirilmişdir.

Tədbirdə çıxış edən K.Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan genişmiqyaslı tədbirlər barədə, o cümlədən OECD təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Eyni zamanda Azərbaycan tərəfi təşkilatın Antikorrupsiya Şəbəkəsinin IV raund üzrə yeni proqramının müzakirəsində fəal iştirak edərək, ölkəmiz üçün zəruri olan bir sıra məsələlərin proqramın layihəsinə daxil edilməsinə nail olmuşdur.    

Göstərilən məsələlər ətrafında aparılan müzakirələr zamanı görüş iştirakçıları tərəfindən Azərbaycan Respublikasının brendi hesab edilən ASAN xidmət mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində ən uğurlu layihələrdən biri kimi dəyərləndirilmişdir.

Bundan başqa, 2014-cü ilin noyabr ayında Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv və iştirakçı ölkələrin Assambleyasının Bakı şəhərində keçirilmiş 3-cü sessiyası zamanı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ilə Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa Bürosunun (OLAF) və Korrupsiyaya qarşı Avropa Tərəfdaşları (EPAC) şəbəkəsinin rəhbəri Covanni Kessler arasında aparılan danışıqların nəticəsində əldə edilmiş razılığın davamı olaraq, 26 mart 2015-ci il tarixdə Brüssel şəhərində Azərbaycan nümayəndə heyətinin həmin təşkilatların rəhbərliyi ilə görüşü baş tutmuşdur. Görüş zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin EPAC şəbəkəsinə qoşulmasına dair Baş prokuror Zakir Qaralovun müvafiq məktubu təşkilatın rəhbərliyinə təqdim edilmişdir. Covanni Kessler Azərbaycan Respublikasının  Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələrinin cari ilin sonunda keçiriləcək şəbəkənin illik iclasına dəvət olunmasını qeyd etmiş və Baş İdarənin şəbəkəyə tamhüquqlu üzv seçilməsinə ümidvar olduğunu bildirmişdir. Görüş zamanı, həmçinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin OLAF təşkilatı ilə əməkdaşlıq perspektivləri və digər zəruri məsələlər də müzakirə edilmişdir.