Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-06-23
Xidməti, icra və əmək intizamının pozulması hallarına yol verən prokurorluq orqanları əməkdaşları barəsində ən qəti tədbirlər görülür

    Azərbaycan Respublikası Prokurorluğu orqanlarının səyləri ilk növbədə, hərtərəfli islahatların yeni müstəvidə və müasir məzmunda davam etdirilməsinə, 2009-2011-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasına, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud olan nöqsan və çatışmazlıqların, xidməti, icra və əmək intizamının pozuntusu hallarının dərhal aradan qaldırılmasına yönəldilmişdir.

 

    Cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə edilmiş uğurlarla yanaşı, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, xidməti, icra və əmək intizamının pozulması hallarına, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən əməkdaşlara münasibətdə ən qəti tədbirlərin görülməsi təmin olunur.

 

    Belə ki, cari ilin aprel-iyun ayları ərzində xidməti intizamın kobud pozuntusu hallarına yol verdiklərinə görə Goranboy rayon prokurorluğunun böyük müstəntiqi  Əhməd Fərhadov prokurorluq orqanlarından xaric edilmiş, Göygöl rayon prokuroru Füzuli Əliyev, Masallı rayon prokurorunun müavini Vaqif Bayramov və Göygöl rayon prokurorluğunun müstəntiqi Babək Paşayev tutduqları vəzifələrdən azad edilmişlər.

 

    Bundan başqa, xidməti, icra və əmək intizamının pozuntusu hallarına yol verdiklərinə, eyni zamanda qanun pozuntularının aradan qaldırılması üçün səlahiyyətləri çərçivəsində vaxtında zəruri tədbirlərin görülməsini təmin etmədiklərinə görə 14 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunmuş, onlardan  11 nəfərə şiddətli töhmət və töhmət elan edilmişdir. Eləcə də, tabeliklərində olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, aşkar edilən qanunsuzluq faktlarına münasibətdə prinsipiallıq göstərməyən, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olmaqla qanunsuzluqlara yol verən 5 rayon və şəhər prokuroru, Baş Prokurorluq və Bakı şəhər prokurorluğunun məsul şəxsləri intizam məsuliyyətinə cəlb edilmişlər.

 

    Azərbaycan Respublikası Prokurorluğu orqanları bundan sonra da bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirməklə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığını daha da artıracaqdır.