Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-07-03
Goranboy rayonunda xuliqanlıq etmiş şəxs tutulmuşdur

    1 iyul 2011-ci il tarixdə saat 11 radələrində Goranboy rayon sakini Rəhman Qasımov idarə etdiyi "BMW" markalı avtomaşınla Goranboy rayon İcra Hakimiyyətinin qarşısına gələrək, içtimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşların üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. O, xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmək məqsədilə maşının içərisindən ov tüfəngini götürərək rayon polis şöbəsinin rəisi Məhəmməd Məmmədova tərəf istiqamətləndirməklə onu ölümlə hədələmişdir. M.Məmmədov silahı onun əlindən almağa cəhd edərkən, o maşını sürüb getmiş, bundan sonra onun cinayət əməllərinin qarşısını almağa cəhd edən rayon polis şöbəsinin əməkdaşlarının üzərinə silahı istiqamətləndirərək onları da ölümlə hədələmişdir. Aparılan danışıqlara baxmayaraq Rəhman Qasımov təslim olmaqdan imtina etmiş və maşına oturarkən polis əməkdaşları onun maşınının pəncərəsindən silahı götürdükdən sonra hadisə yerindən qaçmışdır. Bundan sonra özündə olan bıçaqla rayon İcra Hakimiyyəti başcısının birinci müavini Baxış Abdullayevin iş otağına gəlmiş, orada ona yaxınlaşan polis əməkdaşlarını görüb, bıçağı sonuncunun boğazına dirəyərək, polis işçilərinin getməsini tələb etmişdir. Onların getdiyinə əmin olduqdan sonra Baxış Abdullayevi buraxıb binanın birinci mərtəbəsinə enmişdir. Orada polis işçilərini görüb, dərhal özündə olan bıçağı həmin yerdə dayanmış sürücü Mikayıl Tanrıverdiyevin boğazına dirəyib polislərə onu sərbəst buraxmalarını bildirmişdir. Hadisə yerinə gələrək onu sakitləşdirmək istəyən arvadı Nəzakət Qasımovanın boğazına bıçağı dirəyərək polislərin çıxıb getməsini tələb etmiş və bu zaman polis əməkdaşlarının daha ağır hadisə baş verməməsi üçün geri çəkilmələrindən istifadə edərək hadisə yerindən qaçmışdır.

    Faktla bağlı 1 iyul 2011-ci il tarixdə Goranboy rayon prokurorluğunda  Rəhman Qasımovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.

     Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Rəhman Qasımov şübhəli şəxs qismində tutulmuş və hazırda rayon prokurorluğunda iş üzrə istintaq davam etdirilir.