Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-07-07
Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 16-cı İllik Konfransı və Dünya ölkələri Baş Prokurorlarının 4-cü Sammitində iştirak etmişdir
                      Respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox
dövlətdən olan üzvləri birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası
ilə səmərəli əməkdaşlıq edərək, 1998-ci ildən Təşkilatın rəhbər orqanı -
 - İcraiyyə Komitəsində fəal təmsil olunur
 
 

     25-29 iyun 2011-ci il tarixlərdə Koreya Respublikasının paytaxtı Seul şəhərində dünyanın 90-a yaxın dövlətinin 500-dək nümayəndəsinin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası, 16-cı İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. Tədbirlərdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun rəhbərliyi ilə Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Ruslan Hacıyev və Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Elnur Musayevdən ibarət  nümayəndə heyəti təmsil etmişdir.

     Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin iclasında təşkilatın fəaliyyəti, beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və digər  mühüm məsələlər müzakirə edilmişdir.

     İllik Konfransda Koreya Respublikasının Baş Naziri, ölkənin Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Beynəlxalq Cinayət Məhkəməsinin Sədri və digər şəxslər çıxış edərək, dünyada baş verən inteqrasiya və ümumi problemlərin həllində müştərək səylərin ortaya qoyulmasının vacibliyi, prokurorluq orqanları arasında əməkdaşlığın gücləndirilməsi, işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışlar.

    Assosiasiyanın işinə xüsusi töhfə vermiş təşkilatların təltif edilməsi mərasimində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğun rəhbərləri, eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və Ədliyyə Nazirliyinin əməkdaşları təltif olunmuşlar.

     Təşkilatın İcraiyyə Komitəsinin Ümumi Yığıncağında Assosiasiyanın illik fəaliyyət hesabatı təsdiq edilmiş, qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinə üzvlərin namizədliyinin irəli sürülməsi və seçilməsi ilə bağlı Assosiasiyanın Konstitusiyasına dəyişikliklər edilmişdir.

     Beynəlxalq Prokurorlar Assosiasiyasının növbəti İllik Konfransının Tailandın Bankok şəhərində, daha sonra isə Buenos-Ayresdə keçirilməsinə dair qərarlar qəbul edilmişdir.

     Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti 29 iyun - 01 iyul 2011-ci il tarixlərdə Seul şəhərində Dünya ölkələri Baş Prokurorlarının 4-cü Sammitində də iştirak etmişdir.

     Koreya Respublikası Prezidentinin qatıldığı tədbirdə həmin ölkənin Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər şəxslər çıxış etmişlər.

    Sammitin Plenar iclaslarında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi işlərində ortaya çıxan problemlər, cinayət yolu ilə əldə olunmuş əmlakın qaytarılmasında prokurorluq orqanlarının rolu və funksiyaları, özəl sektor və maliyyə qurumları ilə əməkdaşlığın qurulması, həmin məsələlərdə prokurorluğun rolunun artırılması məsələləri müzakirə predmeti olmuşdur.  

     Bundan başqa Plenar iclaslarda kibercinayətkarlıq, mədəni irsin qaçaqmalçılığı, piratçılıq, soyqırım, hərbi və bəşəriyyət əleyhinə olan cinayətlər üzrə dövlət ittihamının müdafiəsi və digər problemlərin həllində prokurorluq orqanlarının potensialının gücləndirilməsi məsələləri müzakirə olunmuş, beynəlxalq səviyyədə əməkdaşlıq üzrə razılaşmalar və digər beynəlxalq qurumlarla əlaqələrin təkmilləşdirilməsi barədə məruzələr dinlənilmişdir.

     Sammitin xüsusi sessiyasında Beynəlxalq Prokurorlar Assosiasiyasının, Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının rəsmiləri çıxış edərək beynəlxalq səviyyədə prokurorların maraqlarının qorunması sahəsində beynəlxalq təşəbbüs və mexanizmlər barədə ətraflı məlumat vermişlər.

     Tədbirlər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Türkiyə Respublikası, Böyük Britaniya, Rusiya Federasiyası, Qazaxıstan, Moldova, Latviya, Litva, Çin, Tailand və sair ölkələrin nümayəndə heyətləri arasında faydalı görüşlər keçirilmiş, işgüzar əlaqələrin təkmilləşdirilməsi yolları və əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir.