Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-07-11
Abşeron rayonunda qonşusunu öldürən şəxs tutulmuşdur

     11 iyul 2011-ci il tarixdə, saat 04 radələrində Xırdalan şəhər sakini, 1969-cu il təvəllüdlü Məmmədov Gündüz Sərdar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1975-ci il təvəllüdlü Məmmədov Vüqar Nadir oğlunu yaşadığı evin qarşısında bıçaqla bir neçə dəfə vurmuş və nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

    Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

     Faktla bağlı Abşeron rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

     Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gündüz Məmmədov tutularaq istintaqa cəlb edilmişdir. Şübhəli şəxs qismində dindirilərkən G.Məmmədov törətdiyi əməli tam etiraf etmişdir.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.