Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-07-15
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Respublika Prokurorluğu məktəblərin tikintisi zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar araşdırmalara başlamışdır
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyasli iqtisadi, siyasi, hüquqi islahatlar, sosial yönümlü dövlət proqramları, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi və xalqımızın maddi rifah halının yaxşılaşdırılması, müasir tələblərə cavab verən təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin yaradılması istiqamətində görülmüş möhtəşəm işlər əldə edilmiş nailiyyətlərin əsasını təşkil etmişdir. 
     
     Ölkə Prezidentinin təhsil sahəsinin inkişaf etdirilməsi, müasir tələblərə cavab verən orta ümumtəhsil məktəblərinin inşası, habelə köhnə məktəblərin müasir standartlara uyğun şəkildə təmir edilməsi istiqamətində verdiyi göstərişlərin icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. 
     
     Son dövrlərdə Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına yeni orta məktəblər tikilmiş, köhnə məktəb binaları əsaslı təmir olunmuşdur. Lakin təəssüf ki, bir sıra hallarda məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə hallarına yol verilməsi, standartlara uyğun olmayan və mövcud normaların tələbləri pozulmaqla tikinti işlərinin aparılması hallarına rast gəlinir. 
     
     Dövlət başçısı cənab İlham Əliyevin göstərişi əsasında bu faktlar üzrə Respublika Prokurorluğu tərəfindən araşdırmalara başlanılmışdır. 
     
     Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Maliyyə Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə başlanılmış araşdırmalar zamanı Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilmişdir. 
     
     Hazırda araşdırmalar davam etdirilir və qısa müddətdə yekunlaşdırılaraq, görülmüş tədbirlər barədə ictimaiyyətə məlumat veriləcəkdir.