Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-07-21
Prokurorluq orqanlarında işləməyə namizədlər üçün yazılı imtahan keçirilmişdir

   Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsi kimi qulluğa qəbulun yeni qaydaları tətbiq olunur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, ictimai nəzarət, hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi ilə keçirilən əvvəlki 9 müsabiqə nəticəsində işə qəbul olunmuş 391 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 41 faizindən çoxunu təşkil edir.

     Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik proseduru əsasında keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində atılan mühüm addımlar olmuşdur.

 

     Qeyd edilən Əsasnamənin tələblərinə və Baş Prokurorluq üzrə müvafiq Qaydalara uyğun olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 2011-ci ildə 100 ştat vahidi üzrə növbəti 10-cu  müsabiqə elan edilmiş, işə qəbulla bağlı müraciət etməklə müsabiqənin test imtahanından ibarət birinci mərhələsində iştirak edən 454 namizəddən 302 nəfəri, onlardan 27-si qadın, keçid balı toplayaraq, ikinci mərhələ olan yazılı imtahanda iştirak etmək hüququ qazanmışlar. İkinci mərhələyə keçən namizədlərin əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdırlar.

 

     21 iyul 2011-ci il tarixdə keçirilən müsabiqənin yazılı imtahan mərhələsində şəffaflığın təmin edilməsi və ictimai nəzarətin həyata keçirilməsi məqsədilə bir sıra dövlət orqanlarının, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

     Yazılı imtahan mərhələsində iştirak etmiş 292 namizədin cavabları xüsusi olaraq müəyyən edilmiş müvafiq ekspertlər tərəfindən yoxlanılmaqla, keçid balı toplayan şəxslər Qaydaların 7.5-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində tibbi müayinədən keçib müsbət rəylər alındıqdan sonra onların müsabiqənin üçüncü müsahibə mərhələsinə buraxılması təmin ediləcəkdir.

 

     Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında və Qəbul otağında asılmış lövhədə yerləşdiriləcəkdir.