Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-08-09
Baş Prokurorluqda “Elektron Sənəd Dövriyyəsi” Proqramının təqdimat mərasimi keçirilmişdir

 
 Avqustun 9-da Baş Prokurorluqda dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə "Elektron Sənəd Dövriyyəsi" Proqramının təqdimat mərasimi keçirilmişdir.

 

    Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini Namiq Əsgərov prokurorluq orqanlarının həyatında mühüm əhəmiyyət kəsb edən bu əlamətdar hadisə münasibətilə mərasim iştirakçılarını təbrik etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun tarixində hərtərəfli müasirləşdirmə və inkişaf dövrünün əsasını qoyan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Prokurorluğunda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində prokurorluğun fəaliyyətində aşkarlığın təmin olunması, həyata keçirilən tədbirlərin obyektiv işıqlandırılması, ictimaiyyət, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi sahəsində xeyli işlər görülmüş, Baş Prokurorluğun strukturunda dəyişikliklər aparılmaqla tərkibində İnformasiya texnologiyalarının tətbiqi xidməti olmaqla tam yeni məzmunda Hüquqi təminat və informasiya idarəsinin yaradılması təmin edilmişdir.

 

    Baş prokurorun müavini xüsusi vurğulamışdır ki, prokurorluq orqanlarında  informasiya kommunikasiya texnologiyalarının yaradılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv şəkildə davam etdirilmiş, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin əməkdaşları tərəfindən "Elektron Sənəd Dövriyyəsi" Proqramı hazırlanmışdır. Proqrama ilkin mərhələdə Baş Prokurorluğun idarə və şöbələrinin, 2-ci mərhələdə Respublika Hərbi Prokurorluğunun, Bakı şəhər prokurorluğunun, Bakı şəhərinin rayon prokurorluqlarının, 3-cü mərhələdə isə rayon (şəhər) və ərazi hərbi prokurorluqlarının qoşulması təmin olunacaqdır.

 

    Tədbirdə çıxış edən Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq qeyd etmişdir ki,  informasiya-kommunikasiya sisteminin tətbiqi sahəsində  sistematik və ardıcıl iş aparılaraq çoxsaylı tədbirlər həyata keçirilmiş, o cümlədən Baş Prokurorluqda və tabe prokurorluqlarda sənədlərin elektron mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması üzrə zəruri işlər görülmüşdür. Belə ki, ilk olaraq mərkəzləşdirilmiş informasiya-kommunikasiya sistemində Baş Prokurorluğun hər bir idarə və şöbələri tərəfindən yerləşdiriləcək əsas məlumat bazasına və sistemin qurulması üçün zəruri olan texniki tələblərə dair məsələlər öyrənilmiş, sistemin təşkili və səmərəli fəaliyyəti üçün yerinə yetirilməsi vacib olan tədbirlər müəyyənləşdirilmiş, sənədlərin elektron dövriyyəsi, idarədaxili mübadiləsi, elektron arxivlərin yaradılması kimi elementlər üzrə təşkil olunacağı aydınlaşdırılmış, müvafiq işlərin həcminin müəyyən edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsmi müraciət edilmişdir. Aparılmış araşdırmalar və hesablamalar nəticəsində prokurorluğun balansında olan bütün inzibati binalar arasında optik kabel vasitəsilə vahid şəbəkənin yaradılması, sistemin fəaliyyətini təmin edə biləcək müasir kompüter avadanlığının alınması və digər tədbirlərin görülməsi üçün tələb olunan resursların həcmi müəyyən edilmiş, proqramla bağlı digər təşkilati-texniki işlər həyata keçirilmişdir.

 

     Baş prokuror yanında Korrupsiyaya qaşı mübarizə idarəsinin rəisi Kamran Əliyev çıxışında informasiya texnologiyalarının korrupsiya cinayətlərinin istintaqında tətbiq edilməsinin əhəmiyyətini qeyd etmişdir.

 

     Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin baş mütəxəssisi Xalid Baxşəliyev "Elektron  Sənəd Dövriyyəsi" Proqramının mahiyyəti, işləmə mexanizmi, üstün cəhətləri və digər məsələləri iştirakçıların diqqətinə çatdırmaqla məlumatlandırmış, onları maraqlandıran suallara ətraflı cavablar vermişdir.

 

     Tədbirdə iştirak edən dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında Azərbaycan Respublikası Prokurorluğunda müasir informasiya texnologiyalarının tətbiqini yüksək qiymətləndirərək, "Elektron Sənəd Dövriyyəsi" Proqramını təqdirəlayiq addım kimi dəyərləndirmişlər.