Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-08-10
Prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin düzgün təşkili və bu sahədə əməkdaşların məsuliyyətinin artırılması üçün kəsərli tədbirlər həyata keçirilir

    Azərbaycan Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin siyasi iradəsinə uyğun olaraq, vətəndaşların ərizə, şikayət və təkliflərinə qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində və obyektiv baxılması, onların haqlı tələblərinin təmini istiqamətində zəruri tədbirlərin görülməsi prokurorluq orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Mütəmadi olaraq, bu sahədə işin səmərəliliyinin yüksəldilməsi,  effektiv nəzarət mexanizmi yaradılmaqla prokurorluq əməkdaşlarının məsuliyyətinin artırılması, vətəndaş müraciətlərinə  formal yanaşma hallarına və digər qanunsuzluq faktlarına qarşı  qəti tədbirlərin  görülməsi təmin olunur.

 

     Son dövrlər ərzində prokurorluq  orqanlarında  vətəndaşların  müraciətlərinə baxılması və onların qəbulu işinin  yeni informasiya texnologiyalarının imkanlarından hərtərəfli istifadə olunaraq müasir  müstəvidə  təşkili istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilməklə,  «Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması barədə» 01.11.2010-cu il tarixli tam yeni məzmunda əmr verilmiş, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin strukturu daha da təkmilləşdirilməklə «Vətəndaşların qəbulu şöbəsi» yaradılmış, idarənin kadr tərkibi peşəkar əməkdaşlar hesabına əhəmiyyətli dərəcədə yeniləşdirilmişdir.

 

     Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili vəziyyətinin Mingəçevir şəhər, Ağsu və Cəlilabad rayon prokurorluqlarında  yoxlanılması nəticəsində bu sahədə  ciddi çatışmazlıqlara və icra intizamının pozuntusu hallarına yol verildiyi müəyyən edildiyinə görə  Baş Prokurorluq üzrə  08.08.2011-ci il  tarixli əmrlə həmin şəhər və rayonların prokurorları A.Qarayev, S.Məmmədli və M.İsmayılov, habelə Mingəçevir şəhər və Cəlilabad rayon prokurorlarının müavinləri və bir sıra digər əməkdaşlar  intizam məsuliyyətinə  cəlb edilmişlər.

 

     Prokurorluq orqanları tərəfindən "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə dönmədən əməl edilməsi, bu sahədə işin düzgün təşkilinə  görə  əməkdaşların məsuliyyətinin artırılması istiqamətində  zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.