Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-08-18
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi saxta sənədlər hazırlayan qrup ifşa etmişdir

     Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılan araşdırmalarla saxta sənədlər hazırlayan qrup ifşa edilmişdir.

 

     Nazirlər Kabinetinin 12 aprel 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalara müvafiq olaraq ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların layihələndirilməsi, hazırlanması, yerləşdirilməsi və inşası, həmin qurğular üçün radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsi və hazırlanması işlərinin həyata keçirilməsinə görə lisenziyanın və "Nüvə və radioloji" xüsusi layihələrin hazırlanması və işlənməsinə icazə verilməsi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə aid edilmişdir.

 

     Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, bu sahədə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, Səhiyyə Nazirliyinin 15 fevral 2007-ci il tarixli əmri ilə ləğv edilmiş, müalicə profilaktika  müəssisələrinin tibbi texnika və optika ilə təchiz etmək səlahiyyətlərinə malik olmuş "Tibbitexnika" İstehsalat Ticarət Birliyinin sabiq direktoru Qəniyev Əlikram Qaraş oğlu, özünü həmin birliyin vəzifəli şəxsi kimi təqdim edən Bakı şəhər sakini Babayev Əliabbas Hacıbəy oğlu ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə birliyin direktoru kimi əvvəlki vəzifə səlahiyyətlərini davam etdirərək "Nüvə və Radioloji" xüsusi layihələrin hazırlanması və həmin layihələrin işlənməsinə Nüvə və Radioloji Fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyinin adından "Tibbitexnika" İTB-nə icazə verilməsi barədə 5 may 2010-cu il tarixli saxta məktub hazırlamışdır.

 

     Bundan sonra, Dövlət Agentliyindən müvafiq lisenziya almaları məqsədi ilə Əlikram Qəniyev və Əliabbas Babayev onlara müraciət etmiş "Estetik Medplaza" klinikasına, "Sağlam Ailə", "Şərq-Qərb təbabəti", "Nəbz" və digər Tibb Mərkəzlərinə "Tibbitexnika" İTB-nin adından saxta aktlar tərtib edərək təqdim etmiş və beləliklə, vətəndaşların, qeyd edilən tibb müəssisələrinin, eləcə də Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur.

 

     Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

 

     İstintaqla həmçinin müəyyən edilmişdir ki, Əlikram Qəniyev Əliabbas Babayevlə qabaqcadan əlbir olub qrup təşkil etməklə, özünü faktiki olaraq ləğv edilmiş "Tibbitexnika" İTB-nin direktoru kimi təqdim etməklə "Nəbz" Tibb Mərkəzinin vəzifəli şəxslərini aldadaraq saxta aktlarla gördükləri işi rəsmiləşdirmiş və qeyd edilən tibb mərkəzinin 700 manat pul vəsaitini ələ keçirməyə cəhd etmişdir.

 

     Törətdikləri cinayət əməllərinə görə Əlikram Qəniyev və Əliabbas Babayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

 

     Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

     Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları tərəfindən  bundan sonra da əlaqəli şəkildə korrupsiya cinayətlərinin qarşısının alınması, aşkar edilməsi və təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.