Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-08-26
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar 100 ştat vahidi üzrə 6 yanvar 2011-ci il tarixdə elan olunmuş müsabiqəyə yekun vurulmuşdur. Müsabiqə elan edildikdən sonra Azərbaycan Respublikası Prokurorluğunda əlavə ştat vahidlərinin təsis edilməsi, habelə digər  obyektiv səbəblərə görə vakant vəzifələrin sayının artması nəzərə alınmaqla, müsabiqəyə çıxarılmış ştat vahidlərinin sayı qismən artırılmışdır.

     Müsabiqənin test və yazılı imtahan mərhələlərinin davamı olaraq 2011-ci il avqustun 18-dən 26-dək Baş Prokurorluğun Müsabiqə komissiyası tərəfindən 136 namizədin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə keçirilən müsahibə nəticəsində 108 gənc hüquqşünas «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları» ilə müəyyənləşdirilmiş keçid balını toplamışlar. Onlardan 69-u müsabiqədə ilk dəfə, 39-u isə təkrar iştirak edənlər olmuşlar. Namizədlərin əksəriyyəti Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunlarıdır.

     2002-ci ildən başlanılmaqla mütəmadi olaraq keçirilən və sayca 10-cu olan sonuncu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarında qulluğa qəbul olunması respublikamızda  reallaşdırılan dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində uğurla həyata keçirilən mühüm tədbirlərdən biri olmuşdur.

     Müsbət haldır ki, builki nəticələr də nəzərə alınmaqla 2002-ci ildən başlayaraq tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən 499 gənc hüquqşünas hazırda Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 50 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul edilmiş gənclər müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərməklə, onların bir çoxu rəhbər və yuxarı təsnifatlar üzrə müvafiq vəzifələrə irəli çəkilmişlər.

    Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq üçün keçid balını toplamış namizədlər 1 sentyabr 2011-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

       Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az,www.prokurorluq.gov.az) və «Qəbul otağı»nda yerləşdirilmişdir.