Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-09-02
AŞPA-nın komitə sədri Kristos Purqurides: “Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapmalıdır”
    Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü xanım Elza Papadimitriu sentyabrın 1-də baş prokuror Zakir Qaralovla görüşmüşlər. 
 
     Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Z.Qaralov Avropaya inteqrasiyanın rəsmi Bakının xarici siyasətinin əsas prioriteti olduğunu, AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırmışdır. Ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı mütərəqqi qanunvericilik aktları, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün lazımi normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi, kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən zəruri tədbirlər barədə ətraflı məlumat vermişdir. 
 
     "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsinin respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın və qanunun aliliyinin təmin edilməsi sahəsində mühüm mərhələ olduğunu diqqətə çatdıran baş prokuror demişdir ki, respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, prokurorluğun insan hüquqlarının qorunması istiqamətində apardığı işlər, o cümlədən Milli Fəaliyyət Planının icrası ilə əlaqədar konkret işlər görülür. 
 
    Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesinə toxunan baş prokuror, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının zəruriliyi və bunu tələb edən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamə və qərarların olduğu, eyni zamanda, bir milyondan artıq qaçqın və məcburi köçkünün konstitusion hüquqlarının bərpası istiqamətində AŞPA-nın səylərinin artırılmasının vacibliyini qonaqların diqqətinə çatdırmışdır. 
 
     AŞPA ilə Azərbaycan arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Kristos Purqurides, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirmişdir. Təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəklədiyini xüsusi qeyd edən qonaq, bu sahədə hüquqi yardım göstərməyə daim hazır olduğunu diqqətə çatdırmışdır. 
 
     Kristos Purqurides Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu bildirmişdir. 
 
     Görüşdə səmərəli fikir mübadiləsi aparılmışdır.