Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-09-27
Baş Prokurorluqda Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir
   Sentyabrın 27-də Baş Prokurorluqda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. 
     
     Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli Sərəncamının icrası məqsədilə Baş Prokurorluq üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun təşkil olunmuş tədbirdə Prezident Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 
 
    Konfransı giriş sözü ilə açan Baş prokurorun müavini Namiq Əsgərov dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirmiş və müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, 1993-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olmaq təhlükəsi aradan qalxmış, ümummilli liderimizin rəhbərliyi altında müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü gərgin və ardıcıl işlər görülmüşdür. Azərbaycan Respublikasının müstəqil, demokratik, hüquqi, dünyəvi, qanunun aliliyinə və vətəndaş cəmiyyətinə əsaslanan dövlətə çevrilməsi məqsədilə milli dövlət quruculuğu prosesinin həyata keçirilməsi üçün zəruri işlər görülmüş, ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatlara başlanılmışdır. 
 
     Baş prokurorun müavini xüsusi vurğulamışdır ki, ötən illər ərzində, o cümlədən 2000-ci il aprelin 26-da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Baş Prokurorluqda keçirilən müşavirədən sonra həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində prokurorluğun səmərəli fəaliyyəti üçün qanunvericilik və normativ hüquqi baza yaradılmışdır. Prokurorluğun strukturunun təkmilləşdirilməsi, fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi, vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, kadr korpusunun formalaşdırılmasında beynəlxalq standartlara uyğun yeni prosedurlardan geniş istifadə olunması, işə qəbulun müsabiqə yolu ilə və şəffaflıq əsasında həyata keçirilməsi, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili, istintaq işinin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin dairəsinin genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ölkələrinin prokurorluqları ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, işdə mövcud olmuş neqativ təzahür və çatışmazlıqların aradan qaldırılması təmin edilmiş, prokurorluq orqanlarının ittiham mövqeyində dayanan təsisatdan əsas məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsi olan orqana çevrilmişdir. 
 
     N.Əsgərov müstəqillik illərində prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaradılmışdır. 
 
     Konfransda məruzə ilə çıxış edən Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov qeyd etmişdir ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan Prokurorluğuna yüksək dövlət qayğısı göstərilmiş, bu illərdə prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, zəruri struktur dəyişiklikləri, korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra uğurlar əldə edilmiş, prokurorluğun fəaliyyətində aşkarlıq təmin olunmuş, "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası uğurla davam etdirilmişdir. 

     Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov, Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Vüqar Əliyev çıxış edərək dövlət müstəqilliyi illərində prokurorluq orqanlarının fəaliyyətinin konkret sahələri üzrə ətraflı məlumat verimşlər. 
 
    Tədbirdə dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək ölkəmizin dövlət müstəqilliyi illərində əldə etdiyi nailiyyətlərdən, o cümlədən bu illər ərzində prokurorluq orqanlarında həyata keçirilən islahatlardan danışmışlar. 
 
    Konfransın sonunda Baş Prokurorluq tərəfindən nəfis şəkildə hazırlanmış iki cilddən ibarət "Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri" və "Dövlət ittihamçısının məlumat kitabı" nəşrləri, eyni zamanda, hadisə yerinə baxış zamanı kriminalistika texnikasından istifadəyə, cinayətlərin tövsifi qaydalarına, cinayət prosesində dindirmənin proqramlaşdırılmasına və odlu silah tətbiq etməklə törədilən cinayətlər üzrə hadisə yerinin baxışının aparılması haqqında metodiki vəsaitlərin təqdimatı olmuşdur.