Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-10-07
Azərbaycanın hüquq mühafizə orqanları ilə İnterpol arasında əməkdaşlıq uğurla davam etdirilir
    Oktyabrın 6-da baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşmüşdür. Görüşdə Z.Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd etmiş, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə ətraflı məlumat vermişdir.
    Qeyd edilmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan digər nüfuzlu beynəlxalq təşkilatlarla yanaşı, tamhüquqlu üzv kimi İnterpolla da əlaqələrini uğurla davam etdirir. Daxili İşlər Nazirliyi ilə İnterpol arasında cinayətkarlıqla mübarizənin müxtəlif sahələri üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan baş prokuror, Ronald Noblun Azərbaycana 2003-cü ildəki səfərini xatırlatmış, səfər çərçivəsində əldə edilmiş razılığa əsasən hakim və prokurorluq işçilərinin 2010-cu ildə İnterpolun Lion şəhərindəki qərargahında BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirdikləri tədbirlərdə iştirakını əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirmişdir.  
    Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı, satışı, nüvə texnologiyalarının qacaqmalçılığının region ölkələri üçün təhlükəli olması, eyni zamanda, narkotiklərin satışından əldə olunan çirkli pulların separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr yaradılmasına, terror qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə xərclənməsinin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olması nəzərə alınmaqla, bu ümumbəşəri problemlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin zəruriliyi qonaqların diqqətinə çatdırılmışdır. 

    Baş katib Ronald Nobl Azərbaycanın İnterpolun baş katibliyi və təşkilata üzv dövlətlərlə sıx əməkdaşlığından məmnunluğunu ifadə etmiş, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını, xüsusilə cinayətkarlığa qarşı mübarizə sahəsində və insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirmişdir. 
Görüşdə cinayətkarlığa qarşı mübarizə və cinayət törətmiş şəxslərin tutularaq məsuliyyətə cəlb olunması, birgə konkret əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi, o cümlədən təcrübə və məlumat mübadiləsinə dair müvafiq əməli tədbirlərin bundan sonra da davam etdirilməsinə dair razılıq əldə edilmiş və maraq doğuran suallar ətraflı cavablandırılmışdır.