Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-10-21
Məhəmməd Manfud: “Azərbaycan Respublikası ilə hüquqi əməkdaşlığa böyük önəm veririk.”

     Oktyabrın 21-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

 

    Ölkəmizdə son illər ərzində Prezident İlham Əliyevin uzaqgörən dövlətçilik siyasəti nəticəsində həyata keçirilən hərtərəfli demokratik islahatlardan söhbət açan Baş prokuror, məhkəmə hakimiyyətinin müstəqilliyinə təminat verən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, yeni məhkəmə sisteminin təşkili, qanunvericiliyə beynəlxalq standartlara uyğun əlavələrin edilməsi barədə qonaqlara ətraflı məlumat vermişdir. 

 

    Görüşdə sivil və mütərəqqi dövlət təsisatı kimi tam yeni məzmunda formalaşmış Azərbaycan Prokurorluğu orqanlarının fəaliyyətinin hərtərəfli  müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, prokurorluq işçilərinin maddi və sosial təminatlarının yaxşılaşdırılması, prokurorluğun kadr korpusunun sağlamlaşdırılması istiqamətində ən qəti tədbirlərin görülməsi, dövlət ittihamının müdafiəsi işinin tamamilə yeni məzmunda formalaşdırılması, ölkəmizin dünya dövlətləri birliyinə inteqrasiyası şəraitində prokurorluğun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlər və bu sahədə əsaslı dəyişikliklərə səbəb olan mühüm addımlar atılması diqqətə çatdırıldı.

 

     Baş prokuror həmçinin ölkəmizdə korrupsiyaya qarşı genişmiqyaslı mübarizənin aparıldığını, Azərbaycanın bu sahədə beynəlxalq konvensiyalara qoşulduğunu, qanunvericiliyin təkmilləşdirildiyini vurğulamış, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının, həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin səmərəli fəaliyyətini qeyd etmişdir.

 

     İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud ölkəsinin Azərbaycanla hüquqi islahatlar üzrə ikitərəfli formatda əməkdaşlıqda maraqlı olduğunu, iki dost dövlət arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına  böyük önəm verdiyini xüsusi vurğulamışdır.

 

     Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.