Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-11-01
Mərakeş Krallığının Mərrakeş şəhərində BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 4-cü sessiyası keçirilmişdir

     Bu il oktyabrın 24-28-də Mərakeş Krallığının Mərrakeş şəhərində BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 4-cü sessiyası keçirilmişdir. Konfransda Konvensiyaya tərəf 154 dövləti, həmçinin müşahidəçi statusuna malik dövlətləri, beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatlarını təmsil edən 1600-dən çox nümayəndə iştirak etmişdir.

 

     Sessiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokurorun müavini Namiq Əsgərov, Azərbaycanın Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev iştirak etmişlər.

 

     Konfransın 4-cü sessiyasında BMT-nin korrupsiya əleyhinə Konvensiyasının icrasına nəzarət mexanizmləri, texniki yardım, aktivlərin geri qaytarılması, preventiv tədbirlər və digər sahələr üzrə müzakirələr aparılmışdır.

 

    Nümayəndə heyətinin rəhbəri F.Ələsgərov konfransda çıxış etmiş, Azərbaycanda korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlər və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermiş, korrupsiyaya qarşı mübarizə məsələlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirildiyini vurğulamışdır. Azərbaycan Respublikasında siyasi, sosial, iqtisadi inkişafı, hüquqi islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən müxtəlif sənədlər iştirakçılara təqdim olunmuşdur.

 

     Konfrans çərçivəsində ölkəmizin nümayəndə heyəti tədbirdə iştirak edən bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirmişdir.

 

     BMT-nin baş katibinin müavini, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov ilə keçirilən görüşdə korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın perspektivləri, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin Bakıda regional ofisinin açılması müzakirə edilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi üçün səyləri birləşdirməyin zəruriliyi qeyd olunmuşdur. Rusiya Federasiyası Prezidenti Administrasiyasının dövlət qulluğu məsələləri üzrə şöbəsinin müdiri Sergey Dubik ilə keçirilən görüşdə ikitərəfli hüquqi əməkdaşlığın istiqamətləri müzakirə olunmuş, bu sahədə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

 

     Mərkəzi qərargahı Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbərliyi ilə keçirilən görüşdə akademiya ilə birgə tədbirlərin və dərslərin təşkili, təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilmişdir. Həmçinin digər beynəlxalq təşkilatlar, o cümlədən Transparency İnternational təşkilatı və Parlament üzvlərinin korrupsiyaya qarşı Qlobal Təşkilatının (GOPAC) nümayəndələri ilə görüşlər keçirilmiş, Azərbaycan ilə həmin təşkilatlar arasında birgə tədbirlərin təşkili, əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar aparılmışdır.

 

     Konfransın sonunda Konvensiyaya tərəf dövlətlər tərəfindən gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair müvafiq qətnamələr və qərarlar qəbul edilmişdir. Konfransın növbəti sessiyasının 2013-cü ildə Panama Respublikasında keçirilməsi qərara alınmış və növbəti sessiyanın ilkin gündəliyi qəbul edilmişdir.