Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-11-05
“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynalova yeni ittiham elan edilmişdir

   Məlumat verildiyi kimi, "Xural" qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlu barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanmışdır.

     Həmin cinayət işi üzrə aparılan istintaqla Əvəz Zeynalov tərəfindən digər cinayətlərin törədilməsi halları da müəyyən edilmişdir.

     Belə ki, istintaq dövründə vətəndaş Məmmədov Akif Şamil oğlu və Muxtarov Xanoğlan İsa oğlu ərizə ilə prokurorluğa müraciət edərək Əvəz Zeynalovun onlardan hədə-qorxu ilə rüşvət alması barədə məlumat vermişlər.

    Qeyd olunan müraciət üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Əvəz Zeynalov baş redaktoru olduğu qəzetin səhifələrində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi "Kurort" ASC-nin prezidenti Akif Məmmədovun barəsində 2006-cı ilin sonundan başlayaraq şəxsi və işgüzar nüfuzuna xələl gətirən silsilə məqalələr dərc edərək, materialların dərcinin dayandırılması xahişi ilə müraciət etmiş Akif Məmmədov və onun dostu Xanoğlan Muxtarovdan qəzetin bir neçə ay müddətə çap xərcinin ödənilməsini və kompüter dəsti almalarını, əks halda məqalələrin dərcinin davam edəcəyini və materialların hüquq mühafizə orqanlarına göndəriləcəyini bildirməklə hədə-qorxu tətbiq edib, materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində 2008-ci ilin əvvəllərində Xanoğlan Muxtarovdan 4.000 ABŞ dollarını rüşvət kimi almışdır.

    Xanoğlan Muxtarovla təqsirləndirilən şəxs Əvəz Zeynalov arasında keçirilmiş üzləşdirmə zamanı Xanoğlan Muxtarov Əvəz Zeynalovun ondan hədə-qorxu ilə rüşvət alması faktını bir daha təsdiqləmişdir.

     Bundan başqa vətəndaş Tarverdiyev Sabir Rəhim oğlu ərizə ilə prokurorluğa müraciət edərək "Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynalovun ondan hədə-qorxu ilə rüşvət alması barədə məlumat vermişdir.

    Həmin faktla bağlı aparılmış istintaqla müəyyən olunmuşdur ki, Əvəz Zeynalov Yevlax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində "Xural" qəzetinin səhifələrində həqiqətə uyğun olmayan, qərəzli məqalələrin dərcinin dayandırılmasını xahiş edən iş adamı Sabir Tarverdiyevdən materialların çapının dayandırılması müqabilində, 2010-cu ilin əvvəlində Sumqayıt şəhəri ərazisində yerləşən ofisində 200 manat, daha sonra ardıcıl olaraq hər həftə 100 manat olmaqla, cəmi 500 manat pulu rüşvət kimi aldıqdan sonra, əlavə olaraq 2.000 manat pul və ya iki kompüter dəstinin alınmasını tələb etməklə, səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan həmin məbləğdə pulu təkrarən rüşvət kimi istəmişdir.

     Öz cinayət əməllərini davam etdirən Əvəz Zeynalov 2011-ci ilin iyul-avqust aylarında Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10.000 manat pulu təkrarən rüşvət kimi istəmişdir.

     Toplanmış sübütlar əsasında Əvəz Zeynalova Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə yeni ittiham elan edilmişdir.

      Hazırda cinayət işi üzrə istintaq davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.