Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-11-21
Rafiq Tağıyevə xəsarət yetirilməsi faktı üzrə başlanmış cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülmüşdür

     Noyabrın 19-da saat 22 radələrində Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibb Mərkəzinə daxil olmuşdur.

     Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır.

     Müəyyən edilmişdir ki, qeyd edilən tarixdə Rafiq Tağıyev işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla coxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçmışdır.

    Cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmişdir. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.