Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-12-01
Səbail rayonunda qətl hadisəsi baş vermişdir

     Noyabrın 30-da saat 17:00 radələrində paytaxtın Səbail rayonu ərazisində - T.Əliyarbəyov küçəsi 7 saylı ünvanda, söküntü işləri aparılan sahədə Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məcidov Mərhəmət Asəf oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə meyiti aşkar edilmişdir.

     Fakta görə Səbail rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     İstintaqla müəyyən edilmişdir ki, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Babayev Fuad İlqar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla Mərhəmət Məcidovun döş qəfəsinə daxilə nüfuz edən kəsici-deşici xəsarətlər yetirməklə onu qəsdən həyatdan məhrum etmiş və hadisə yerindən qaçmışdır.

     Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Fuad Babayev tutularaq istintaqa cəlb edilmiş və sonuncu istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf etmişdir.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.