Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-12-22
Qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılmışdır

    3 dekabr 2011-ci il tarixdə saat 09:00 radələrində Siyəzən rayonunun Qırçal kəndi ərazisində döş qəfəsinin ön və arxa səthlərində çoxsaylı kəsici-deşici xəsarətləri olan 20-25 yaşlarında naməlum kişi meyiti aşkar edilmişdir.

 

    Fakta görə Siyəzən rayon prokurorluğunda həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və iş üzrə rayon prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu yaradılmışdır.

 

    Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, öldürülən şəxs 1991-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Vəliyev Elvin Vəli oğludur.

 

    İstintaqla həmçinin müəyyən edilmişdir ki,  Siyəzən şəhər sakini, 1983-cü il təvəllüdlü Camalov Natiq Cavanşir oğlu Elvin Vəliyevlə əvvəllər aralarında baş vermiş münaqişəyə görə onu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə dekabrın 2-də saat 18 radələrində Bakı şəhəri, Binə qəsəbəsində kirayədə birgə yaşadığı həmyerlisi 1989-cu il təvəllüdlü Bəkirov Vüqar Lazım oğlu ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Elvin Vəliyevin avtomaşınına əyləşərək sonuncudan onları Siyəzən şəhərinə aparmağı xahiş etmişdir. Şəhərə çatdıqdan sonra Natiq Camalov Elvin Vəliyevə kəndə köçdüklərini deyərək avtomobili hadisənin baş verdiyi Qırçal kəndinə sürdürmüş və kəndə çatmamış yolun kənarında avtomobili saxladaraq Elvin Vəliyevi avtomobildən düşürüb ona üstündə olan bıçaqla zərbələr vurmağa başlamışdır. Sonuncu müqavimət göstərdiyindən onlar birlikdə Elvin Vəliyevi yerə yıxmış, daha sonra isə Natiq Camalov yenidən çoxsaylı bıçaq zərbələri vurmaqla onu qəsdən öldürərərək avtomobilini ələ keçirmişlər.

 

    Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində N.Camalov və V.Bəkirov dekabrın 21-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşlar.

 

    Cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələrinə tövsif edilərək N.Camalov və V.Bəkirova qeyd edilən maddələrlə ittiham elan edilmişdir.

 

    Hazırda rayon prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.