Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-12-27
Baş Prokurorluğun internet saytı informasiya açıqlığına görə 67 dövlət qurumu arasında birincidir
Qiymətləndirmənin yekunlarına görə, informasiya açıqlığını əks etdirən reytinq cədvəlində Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmi saytı 49.46%-lə birinci yeri tutmuşdur.
 
     26 dekabr 2011-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Media Hüququ İnstitutu dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrini özündə əks etdirən "Dövlət qurumlarının on-line şəffaflıq hesabatı" açıqlanmışdır.
     
     Həmin hesabat Media Hüququ İnstitutunun 2005-ci ildən başlayaraq söz (informasiya) azadlığı və məlumat əldə etmə sahəsində apardığı araşdırma, monitorinq, tövsiyələrin hazırlanması, ictimai mənafelərin müdafiəsi və maariflənməsi işinin davamı olmuşdur.
   
    Hesabat "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunu ilə informasiya sahibi hesab olunan 67 dövlət qurumunun internet saytlarının monitorinqi əsasında hazırlanmışdır.
   
    Monitorinqin məqsədi dövlət qurumlarının internet vasitəsilə informasiyalar yaymaq vəzifəsini necə icra etməsinin gerçək durumunu öyrənmək, problemləri müəyyənləşdirib hökümətin informasiya azadlığı istiqamətində səylərinə yardım edə biləcək tövsiyələr hazırlamaq və medianı, vətəndaşları məlumat əldə etmək hüquqlarından davamlı yararlanmağa həvəsləndirməkdir.
    
     İnternet saytlarının monitorinqi 12 ölçü qutusuna (Qurum haqqında ümumi bilgilər, qurumun strukturu haqqında bilgilər, qurumun idarəçiliyində olan dövlət informasiya sistemləri haqqında bilgilər, qurumun öz səlahiyyət dairəsi çərçivəsində fəaliyyətə dair bilgilər, qanunvericilik bazası və qurumun normayaradıcı fəaliyyəti, fiziki və hüquqi şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin edilməsi üzrə qurumun fəaliyyəti haqqında bilgilər, dövlət ehtiyacları üçün mal, iş və xidmətlərin satın alınması barədə bilgilər, kadr təminatı, büdcə, maliyyə, bilgiyə çatım rahatlığı, əlavə parametrlər, rəsmi saytın mənfi məzmun və funksiyaları) yerləşdirilmiş 220-ə yaxın informasiya növü əsasında aparılmışdır.
      
      Saytlar öncə kəmiyyət parametri üzrə araşdırılmışdır. Sonrakı mərhələdə isə həmin informasiyaların keyfiyyətliliyi, yəni tamlığı, əldə etmə rahatlığı, gündəmə uyğunluluğu qiymətləndirilmişdir.
    
     Reytinq cədvəlində 2-ci yeri Vergilər Nazirliyi, 3-cü yeri isə Hesablama Palatasının rəsmi saytları tutmuşdur. Həmin saytların informasiya açıqlığı səviyyəsi müvafiq olaraq 46.15% və 42.29% olmuşdur.