Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-12-28
Bakı şəhər prokurorluğunun məlumatı

Nərimanov rayonu ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulmuşlar.   

 27 dekabr 2011-ci il tarixdə saat 14:00 radələrində Nərimanov rayonu H.Əliyev küçəsi 53 ünvanında yerləşən yaşayış binasının yaxınlığında Bədəlov Namiq Nizami oğlu qohumu Qasımov Hilal Nadir oğlu, tanışları Yəhyayev İbrahim Zakir oğlu, Aslanov Orxan Hikmət oğlu, Hacıbabayev Elman Arif oğlu və şəxsiyyəti istintaqa məlum olmayan «Rahib» adlı şəxslə birlikdə Məmmədov Faiq Tofiq oğlu, sonuncunun qardaşı Məmmədov Natiq Tofiq oğlu, İsmayılov Azər Mufit oğlu və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə internet şəbəkəsi vasitəsilə yazışma zamanı aralarında yaranmış narazılıqla bağlı qabaqcadan razılaşmaqla qeyd olunan ünvanda görüşmüşlər. Bu zaman aralarında yaranmış mübahisə nəticəsində 1989-cu il təvəllüdlü Azər İsmayılov xuliqanlıq niyyəti ilə özündə olan bıçaqla 1989-cu il təvəllüdlü İbrahim Yəhyayevin bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı kəsici-deşici xəsarətlər yetirməklə qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa o, 1986-cı il təvəllüdlü Elman Hacıbabayevə də xəsarət yetirmişdir.

 

    Fakta görə həmin tarixdə Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə), 221.2.1 və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanaraq rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılmışdır.

 

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Azər İsmayılov, Orxan Aslanov və Natiq Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşlar. 

 

    Hazırda şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərin müəyyən edilməsi və onların qeyd olunan cinayətdə iştiraklarının olub-olmaması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.