Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-12-30
Naxçıvan Muxtar Respublikası Prokurorluğu saxta “Çernobıl əlili” vəsiqəsi alan şəxs barədə yayılan məlumatlara aydınlıq gətirib
    Son günlər bəzi kütləvi informasiya vasitələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd sakini Bağırzadə Zeynalabdin Bağır oğlunun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında təzyiqə məruz qalması, bununla əlaqədar səhhətinin ağırlaşması barədə qərəzli və həqiqətəuyğun olmayan məlumatlar yayılmış, ictimaiyyətdə onun barəsində qanuni olaraq aparılmış istintaq hərəkətlərinin guya siyasi xarakterli olması barədə şayiələrin yayılmasına cəhd göstərilmişdir.

     Bağırzadə Zeynalabdin Bağır oğluna 2011-ci il dekabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmuş, Naxçıvan MR Prokurorluğunun vəsatəti ilə həmin tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda Zeynalabdin Bağırzadə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılır.

     İstintaqla müəyyən edilmişdir ki, Zeynalabdin Bağırzadə saxta sənədlərdən istifadə edərək "Çernobıl əlili" statusu əldə edib. Belə ki, o, 1993-cü ildə özünə məxsus HZ â„– 4028514 saylı hərbi biletini Babək rayon Hərbi Komissarlığının qeydiyyat bölməsinin əməkdaşına verərək özünü vəzifəli şəxs kimi təqdim etmiş və Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etməsi barədə həmin hərbi biletdə qeydlərin aparılmasını xahiş etmişdir. Həmin dövrdə Babək rayon Hərbi Komissarlığında təlimatçı vəzifəsində işləmiş yaxın tanışı hərbi bileti ondan alıb və həmin hərbi biletin müvafiq vərəqələrində lazım olan qeydləri etmək məqsədilə Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissədə gizir işləyən tanışına verib, o da öz növbəsində, Zeynalabdin Bağırzadəyə məxsus hərbi biletin 13-cü və 24-cü səhifələrində rus dilində "Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib" qeydlərini aparıb, hərbi biletdə hərbi hissə komandirinin adını şərti olaraq özündən uydurmaqla "Kurkin" yazıb, onun adının qarşısındakı imzanı özü çəkib, saxta möhür isə onun xahişi ilə "N" saylı hərbi hissədə xidmət etmiş tanışı tərəfindən vurulmuşdur. Möhür saxtalaşdırılarkən hərbi hissənin nömrəsi olan hissəyə kağız parçası qoyaraq sonradan möhürün həmin hissəsinə özündə olan mətbəə şriftləri ilə "33703" rəqəmlərini vurmuş, bununla da guya Zeynalabdin Bağırzadənin 33703 saylı hərbi hissədə toplantıda olduğunu göstərmişdir.

      İstintaq tərəfindən Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi hissələrin siyahısı müəyyənləşdirilmiş, lakin 33703 saylı hərbi hissənin orada olmadığı məlum olmuşdur. İstintaqla həmçinin müəyyən edilmişdir ki, Zeynalabdin Bağırzadə saxta sənədlərdən istifadə etməklə 1993-cü ildən etibarən 18 min 679 manat təqaüd və müavinət alıb və yaxın qohumlarından 4 nəfərinə də həmin vasitə ilə saxta "Çernobıl əlili" vəsiqəsi düzəltmişdir.

       İş üzrə istintaq tədbirləri davam etdirilir.