Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-01-17
Baş Prokurorluğun nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 290 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir

     Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykanın dəvəti ilə 11-13 yanvar 2012-ci il tarixlərdə Rusiya Prokurorluğunun yaranmasının 290 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir.

 

     Səfər çərçivəsində  yanvarın 12-də Azərbaycanın Baş prokuroru rusiyalı həmkarı ilə görüşmüşdür. Rusiya Prokurorluğunun yaranmasının ildönümü münasibəti ilə Y.Çaykanı təbrik edən Baş prokuror Z.Qaralov dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd edərək, Azərbaycan Respublikasında son illər ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan köklü və əsaslı islahatların həyata keçirildiyini vurğulayaraq, məhkəmə-hüquq sisteminin, habelə prokurorluq orqanlarının müasirləşdirilməsinə yönəlmiş məqsədyönlü tədbirlər barədə ətraflı məlumat vermişdir.

 

     Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirən Y.Çayka iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.

 

     Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəflər arasında mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

 

     Baş prokuror daha sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kupers, Avstriyanın Baş prokuroru Fabrisiy Ernst Yoqen, Almaniya Federativ Respublikası Federativ Ali Məhkəməsinin Federativ Baş prokuroru Harald Ranqe, Ukraynanın Baş prokuroru Viktor Pşonka və Belarusun Baş prokuroru Aleksandr Konyukla görüşmüşdür. Görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasındakı əməkdaşlıgın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılmış, cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq və hüquqi yardım məsələləri müzakirə edilmişdir.

 

     Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə keçirilmiş görüş zamanı Baş prokuror Z.Qaralov Azərbaycan Prokurorluğu orqanlarında son dövrlər həyata keçirilmiş islahatlar, müasir informasiya-kommunikasiya texnoloqiyalarının, o cümlədən "Elektron sənəd dövriyyəsi" proqramının tətbiqi, "Elektron cinayət işi" layihəsi, Baş Prokurorluqda və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində fəaliyyət göstərən "Qaynar xətt" əlaqə mərkəzlərinin işinin səmərəliliyi barədə ətraflı məlumat vermişdir.

 

     Görüşdə həmçinin konkret cinayət işlərinin istintaqı ilə bağlı fikir mübadiləsi aparılmış, eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında 2010-cu il sentyabrın 28-də imzalanmış Əməkdaşlıq Proqramının hər iki ölkənin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi xüsusi vurğulanmışdır.