Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-01-31
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Baş Prokurorluqda olmuşlar
     Yanvarın 31-də Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.
 
    Görüşdə Baş prokuror Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edərək, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, korrupsiya ilə mübarizə sahəsində görülən konkret işlər və bu sahədə qeyri hökumət təşkilatları ilə birgə layihələrin həyata keçirilməsi barədə ətraflı məlumat vermişdir.
 
    Avropa hüquq təcrübəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin Azərbaycan Prokurorluğu qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror, çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, prokurorluq orqanlarının insan hüquqlarının qorunması istiqamətində apardığı işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar bu sahədə konkret işlərin həyata keçirildiyini xüsusi vurğulamışdır.
 
    AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Pedro Aqramunt de Mora, ölkəmizdə həyata keçirilən  məhkəmə-hüquq islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirdi. Təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəklədiyini xüsusi qeyd edən qonaq, bu sahədə hüquqi yardım göstərməyə daim hazır olduğunu diqqətə çatdırdı.
Görüşdə səmərəli fikir mübadiləsi aparılmış və maraq doğuran suallar ətraflı cavablandırılmışdır.