Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-02-14
Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndələri Baş Prokurorluqda olmuşlar

  Azərbaycanda səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının keçid qrupunun rəhbəri Martin Kreutnerin başçılıq etdiyi nümayəndə heyəti fevralın 14-də Baş prokuror Zakir Qaralovla görüşmüşdür.

  Görüşdə Baş prokuror korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırmışdır. Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahədə kompleks şəkildə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, beynəlxalq standartlara cavab verən müasir qanunvericilik bazasının formalaşdırılması və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişdir.

   Xüsusi olaraq vurğulanmışdır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, idarənin strukturunda edilmiş köklü dəyişikliklər və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, o cümlədən idarə ilə korrupsiyaya qarşı mübarizə aparan Qeyri Hökumət Təşkilatlarının Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında imzalanmış Anlaşma Memorandumu bu sahədə prokurorluq orqanlarının qarşısında mühüm və məsuliyyətli vəzifələr qoymuşdur.

    Baş prokuror bildirmişdir ki, Akademiyanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi, kadrların nəzəri və peşə hazırlığının artırılmasında əhəmiyyətli rolu nəzərə alınmaqla ölkəmizin sözügedən qurumun "Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında"  Sazişi imzalaması barədə qərar qəbul edilmişdir.

    Söhbətdə həmin Sazişin ikitərəfli əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və korrupsiyaya qarşı  mübarizə işinə layiqli töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.

   Beynəlxalq Antikorrupsiya Akademiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Martin Kreutner, korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Qonaq, Akademiyanın "Beynəlxalq təşkilat kimi təsis edilməsi haqqında" Sazişin 55 ölkə tərəfindən imzalandığını bildirmişdir. O, təmsil etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində Azərbaycan Prokurorluğuna daim yardım göstərməyə hazır olduğunu diqqətə çatdırmışdır.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.