Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-03-06
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs ifşa olunmuşdur

     Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların pulunu mənimsəyən Bakı şəhər sakini Orxan Axundov ifşa edilmişdir.

     Belə ki, Orxan Axundovun qanunsuz hərəkətləri barədə idarəyə daxil olmuş müraciət üzrə aparılan araşdırmalarla müəyyən edilmişdir ki, özünü Bakı şəhər prokurorluğunun müstəntiqi kimi təqdim edən Q.Axundov etibardan sui-istifadə etmə yolu ilə 2011-ci ilin payız aylarında sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə Bakı şəhər sakinləri Lalə Məmmədovanın 400, Mehriban Ağayevanın isə 300 manat pulunu ələ keçirmişdir.

     Bundan başqa O.Axundov Rəşad Cabbarlını Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul etdirəcəyi adı ilə onun atası Əli Cabbarovdan əvvəlcədən razılaşdıqları 25.000 manat pulun qabaqcadan 6.000 manatını sonuncunun etibarını qazanmaq məqsədilə öz təşəbbüsü ilə notariat qaydasında borc müqaviləsi kimi rəsmiləşdirməklə almışdır. Daha sonra eyni məqsədlə 300 manat pulunu da alaraq, cəmi 6.300 manat məbləğində özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirməklə dələduzluq etmişdir.

      Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə  cinayət işi başlanmış, istintaq aparılır.