Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-03-07
Biləsuvar Peşə Liseyinin direktorunun cinayətkar əməlləri ifşa edilmişdir

    Biləsuvar rayon sakini Xudiyeva Əsli Savalan qızının Təhsil Nazirliyinin Biləsuvar Peşə Liseyində təhsil alan tələbələrə dövlət tərəfindən ayrılmış təqaüdlərin liseyin direktoru Teymur Poladov tərəfindən mənimsənilməsi barədə Baş prokuror ya­nın­da Korrupsiyaya qarşı mü­barizə ida­­rəsinin "161- Qaynar xətt" əlaqə mər­kəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, liseyin direktoru Teymur Poladov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2010-cu ilin sentyabrında liseydə təhsil alan 335 tələbəyə hər ay dövlət tərəfindən verilməsi nəzərdə tutulmuş təqaüdü, tələbələrin adlarına rəsmiləşdirib qanunsuz olaraq özündə saxladığı bank kartlarından istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır.  

     Peşə liseyinin inzibati binasında həyata keçirilmiş əməliyyat-axtarış  tədbirləri nəticəsində Teymur Poladovun gödəkçəsinin cibindən tələbələrə məxsus 10 ədəd "Viza elektron" plastik kartları  və cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra sənədlər aşkar edilərək götürülmüşdür.

     Bundan başqa, Teymur Poladovun qardaşı Seymur Poladovun Bakı şəhərində yaşadığı mənzilindən liseyin tələbələrinə məxsus 325 ədəd "Viza elektron" plastik kartları aşkar edilərək götürülmüşdür.

     Fakra görə Teymur Poladov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanmış və təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

      Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.