Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-05-07
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

     2012-ci ilin 3-6 may tarixlərində Xorvatiya Respublikasının Pula şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilmişdir. Həmin tədbir Xorvatiya Respublikasının Baş prokuroru Mladen Bayiçin dəvəti və təşəbbüsü ilə baş tutmuşdur. Azərbaycan Respublikasını tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev təmsil etmişdir.

     Dünya prokurorlarının ilk və yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının həmin iclasında bir sıra mühüm məsələlər, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, təşkilata yeni üzvlərin qəbul edilməsi, Baş katib və İcraiyyə Komitəsinin fəaliyyətinə dair hesabatların dinlənilməsi, BPA-nın fəxri üzvlüyü və "İlin Prokuroru" da daxil olmaqla mükafatlarla bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər təşkilatı məsələlər müzakirə edilmişdir.

     Tədbir çərçivəsində Xorvatiyanın Baş prokuroru ilə keçirilmiş görüşdə Mladen Bayiç Azərbaycan Respublikasında dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və praktiki tədbirləri yüksək qiymətləndirərək görülən işlərdən məlumatlı olduğunu bildirməklə bu təcrübədən ölkəsinin bəhrələnməsinin zəruriliyini qeyd etmişdir. Mladen Bayiç həmçinin, Azərbaycan və Xorvatiya prokurorluqları arasında qarşılıqlı əlaqələrin korrupsiyaya qarşı mübarizə və digər sahələrdə də genişləndirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

     Tədbirdə Beynəlxalq Prokurorlar Assosiasiyasının 2012-ci il üzrə İllik yığıncağının 28 oktyabr - 01 noyabr tarixlərdə Banqkokda, 2013-cü ilin sentyabr ayında isə Moskvada keçirilməsi barədə qərar qəbul edilmişdir.

     Keçirilən iclaslarda və ikitərəfli görüşlərdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Azərbaycan Respublikasında həyata keçirilən irimiqyaslı tədbirlər, o cümlədən məhkəmə-hüquq islahatlarının, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində qanunverici və praktiki işlərin uğurlu nəticələrinə dair məlumatlar verilmişdir. Ölkəmizdə korrupsiyaya qarşı uğurlu və ardıcıl mübarizə siyasətinə dair məlumatları əks etdirən nəşrlər tədbir iştirakçıları arasında yayılmışdır.