Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-05-14
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kuipers Baş Prokurorluqda olmuşdur

  

  Mayın 14-də ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kuipers Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

     Qonaq Şəhidlər Xiyabanını da ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə güllər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.


     Derk Kuipers daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna gəlmişdir. Baş prokuror Zakir Qaralov ilk növbədə son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlərin müstəqil respublikamızın nüfuzunun ciddi şəkildə artması, beynəlxalq təşkilatların dövlətimizlə əməkdaşlığa marağının daha da gücləndirməsi, həmçinin ölkəmizin bir çox mötəbər qurumların, o cümlədən  BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək bu əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd etmiş və uzun illər Təşkilatın rəhbər orqanı olan İcraiyyə Komitəsində təmsil olunmalarını qurumun Azərbaycan Respublikası ilə əməkdaşlığına verilən yüksək qiyməti xüsusi vurğulamışdır.

     Görüşdə Baş prokuror ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, korrupsiya ilə mübarizə sahəsində görülən konkret tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə ətraflı məlumat vermişdir.

     Müstəqil inkişaf tarixinin 20 ili ərzində Azərbaycanda ulu öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən görülmüş möhtəşəm işlərin, dünya dövlətləri birliyində ölkəmizin öz layiqli yerini tutması istiqamətində həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsi kimi, dünyanın 155 dövlətinin dəstəyi ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və cari ilin may ayından Şuraya sədrlik etməsi böyük uğur kimi dəyərləndirilmişdir. Şuranın mayın 4-də "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr edilmiş yüksək səviyyəli iclasına Prezident cənab İlham Əliyevin sədrlik etməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

     Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Derk Kuipers Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi qeyd edilmişdir.

     Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

     Derk Kuipers Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokuroluğun gənc əməkdaşları ilə görüş keçirmiş və həmin quruma fərdi üzv qəbul edilmiş  prokurorluq əməkdaşlarına Assosiasiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur. Görüş zamanı BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası çərçivəsində cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinin zəruriliyi vurğulanmışdır. Gənc prokurorlar Assosasiyanın gələcəkdə təşkil olunacaq  regional konfranslarının onları maraqlandıran aktual məsələlərə, o cümlədən, çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə mövzularına həsr edilməsi, belə tədbirlərdəki təqdimatların və çıxışların qurumun saytında yerləşdirilməsi, ayr-ayrı cinayətlərin istintaqına dair prokurorlar üçün bələdçilərin hazırlanmasına dair təkliflər irəli sürdülər. Baş katib Derk Kuipers gənc prokurorların təşəbbüslərini qiymətləndirməklə verilən təkliflərin nəzərdən keçiriləcəyini bildirmişdir.

     Baş katib Elm-Tədris Mərkəzinin kafedra və laboratoriyalarında istifadə edilən müasir avadanlıqlarla da tanış olmuş və ona prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış "İmtahan" sistemi, həmçinin xüsusi məlumatların verilməsi nəzərdə tutulan cinayət xarakterli faktlar barədə operativ məlumatların uçotu üzrə "Xüsusi məlumat" informasiya sistemi barədə məlumat verilmişdir.