Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-05-18
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Çin Xalq Respublikasında səfərdə olmuşlar

  Mayın 9-dan 11-dək Çin Xalq Respublikasının Honq Konq şəhərində Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (İCAC) təşkilatçılığı ilə  "Mövcud  çətinliklərə yeni yanaşmalar: Dəyişən dünyada korrupsiya əleyhinə mübarizə" mövzusunda 5-ci Simpozium keçirilmişdir.

     Tədbiri Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (İCAC) Honq Konq şəhəri üzrə nümayəndəsi Timoti Tonq açaraq dünya dövlətlərinin korrupsiyaya qarşı mübarizədə günü-gündən artan əməkdaşlığının əhəmiyyətini və bu sahədə müasir mübarizə metod və vasitələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırmışdır. Daha sonra Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti Eduardo Vetere, Çin Xalq Respublikası Baş Prokurorunun müavini xanım Hu Zeyun, Beynəlxalq Antikorrupsiya Akademiyasının keçid qrupunun rəhbəri Martin Kreutner, Dünya Bankının vitse-prezidenti Leonard Makkarti, Böyük Britaniya Krallığının Ağır Dələduzluqlar Əleyhinə Ofisin sabiq direktoru Riçard Alderman və başqaları çıxış edərək qloballaşma dövründə dövlətlərin hüquq mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səviyyədə əməkdaşlığının və qarşılıqlı əlaqələrinin təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsinin zəruriliyini bildirmişlər.

 
Simpoziumda iştirak edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, korrupsiya hüquqpozmaları ilə bağlı cinayətlər üzrə ibtidai istintaq sahəsində ixtisaslaşmış antikorrupsiya orqanı olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulmuş, o cümlədən Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında, BMT-nin Korrupsiya əleyhinə konvensiyalarının ölkə qanunvericiliyinə implementasiyası həyata keçirilmiş, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

     R.Əliyev daha sonra ölkə prezidentinin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi və effektiv aparılması məqsədi ilə son dövrlər qanunvericilik aktlarının təkmilləşdirilməsi və praktiki tədbirlərin həyata keçirilməsi, o cümlədən idarənin səlahiyyətlərinin artırılması və strukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları qarşısında konkret istiqamətlərin müəyyənləşdirilməsi və həyata keçirilən kəsərli tədbirlər barədə ətraflı informasiya vermişdir.

     Tədbirdə həmçinin iştirakçı ölkələrin hüquq mühafizə orqanları arasındakı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və qarşıda duran perspektivlər müzakirə edilmişdir.