Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-05-31
Azərbaycan Respublikasının Baş Prokurorluğu Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə elan edir

     Azərbaycan Respublikasında  həyata keçirilən dövlət gənclər siyasətinin tələblərini,  ölkə həyatının bütün sahələrində  gənclərin əməyindən hərtərəfli istifadə olunması və  ictimai həyatımızın  müxtəlif istiqamətlərində onların fəal  iştirakının stimullaşdırılması barədə Dövlət başçısı cənab İlham Əliyevin tövsiyələri və göstərişlərini rəhbər tutan  Respublika Baş Prokurorluğu  tərəfindən  Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə və "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na müvafiq  olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə növbəti  müsabiqə  elan edilir. 

     Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən və prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa  müraciət edə bilərlər:

1.    Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə;

2.    Şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti;

3.    Tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir);

4.    3x4 və 4x6 sm ölçülərdə, hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil;

5.    Ali təhsil haqqında (hüquqşünaslıq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri;

6.    Əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;

7.    Yaşadığı ünvan üzrə poliklinikadan (forma â„– 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayışlar; 

8.     Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

9.     Yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq edilmiş surəti.

     Sənədlər Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 05 iyun 2012-ci il tarixdən 31 avqust 2012-ci il tarixədək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul olunacaqdır.

     Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.

     Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır.  Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

     «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər:

- ikili vətəndaşlığı olan şəxslər;

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

- din xadimləri;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

    Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.

   Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə kütləvi informasiya vasitələrində, o cümlədən, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.

Əlavə məlumatlar almaq üçün 437-28-56, 492-62-23, 492-74-32,          492-63-62 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.