Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-07
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi əsasları» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

 


     Müstəqil Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsi demokratik inkişafı, vətəndaş cəmiyyətinin quruculuğu prosesini şərtləndirən hal olaraq, dövlətin qarşısında dayanan ali məqsəd, əsas vəzifə kimi qəbul edilməklə ictimai və sosial-iqtisadi həyatın prioritet sahəsi hesab edilir. İnsan hüquq və azadlıqlarına xüsusi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyun ayının 18-i «İnsan Hüquqları Günü» kimi qeyd olunur.

     Azərbaycan Respublikası Prokurorluğunda bu əlamətdar tarixlə  əlaqədar insan hüquq və azadlıqlarına həsr edilmiş bir sıra tədbirlərin görülməsi nəzərdə tutulmuş, o cümlədən  iyunun 6-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi əsasları» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

     Konfransı giriş sözü ilə açan Baş Prokurorluğun Huquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla həyata keçirildiyini xüsusi vurğulamışdır. O, çıxışında daha sonra insan hüquq və azadlıqlarına dair beynəlxalq  aktlarda və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində  nəzərdə tutulmuş norma və müddəalara istinad edərək insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur.

     Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov çıxış edərək respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən ardıcıl və sistemli tədbirlərin əhəmiyyətindən danışaraq, bu prosesin hazırda keyfiyyətcə yeni müstəviyə keçdiyini xüsusi qeyd etmişdir.

     Tədbirdə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Mircavan Kazımovun «Məhkəmələrdə dövlət ittihamının müdafiəsi zamanı insan hüquq və azadlıqlarının qorunması», Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Erkin Əlixanovun «Ekstradisiyanın həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması», Hüquqi təminat və informasiya idarəsinin böyük prokuroru Mahir Tağıyevin «Azərbaycan Respublikasının qanunvericilik sistemində insan hüquq və azadlıqlarının təminatlarının inkişafı» və həmin idarənin prokuroru Malik Səlimovun «İnsan hüquq və azadlıqlarının müdafiəsinin cinayət-hüquqi və cinayət-prosessual aspektləri» mövzusunda məruzələri dinlənilmişdir. Mövzularla bağlı faydalı fikir mübadiləsi və müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

       Konfransda Baş Prokurorluğun idarə rəislərinin müavinləri, Bakı şəhər prokurorunun müavini və digər şəxslər iştirak edirdilər.