Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-11
Dövlət orqanının nüfuzuna xələl gətirməklə dələduzluq edən şəxs cinayət başında yaxalanmışdır

     Mütəşəkkil cinayətkarlığın  təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətimizin diqqət mərkəzində olmaqla bu sahədə prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir.

     Bərdə rayon sakininin özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edən İmamverdiyev Ramin Baba oğlunun qanunsuz hərəkətləri barədə "161- Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, R.İmamverdiyev aldatma və  etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özbaşına özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edərək Bərdə rayonu Türkmən kəndi  ərazisində torpaq sahələrinin təyinatının dəyişdirilməsi adı ilə rayon sakinindən 2012-ci ilin aprelində 10.0 min 100 manat, rayonun Gərənə kəndi ərazisində isə 20.0 min ABŞ dolları müqabilində torpaq sahəsinin satılmasını təşkil edəcəyini vəd edərək may ayında həmin puldan 10.0 min  ABŞ dollarını almışdır. 

     Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində  iyunun 6-da Bakı şəhəri, Q.Qarayev prospekti 59 saylı ünvanda yerləşən "McDonalds" kafesinin yaxınlığında R.İmamverdiyev əvvəlcədən razılaşdıqları pulun qalan hissəsini, yəni 8.0 min manatı Bərdə rayon sakinindən  alarkən cinayət başında yaxalanmışdır.

     Beləliklə, R.İmamverdiyev özünü vəzifəli şəxs kimi təqdim edərək ümumilikdə 25.905 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməklə vətəndaşın hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. 

     Fakta görə R.İmamverdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci  (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə  cinayət işi başlanmışdır.

     R.İmamverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.