Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-21
Vaşinqtonda Beynəlxalq Korrupsiya Əleyhinə Mübarizə Alyansının ikinci konfransı keçirilmişdir
  İyunun 5-8-də Vaşinqtonda Beynəlxalq  Korrupsiya Əleyhinə Mübarizə Alyansının "Korrupsiya əleyhinə mübarizə: İnnovasiyalar və yeni üfüqlər" mövzusunda ikinci konfransı keçirilmişdir. Dünya Bankının təşkilatçılığı ilə iki ildən bir keçirilən tədbirdə dünyanın 130 ölkəsindən korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların və  bir sıra beynəlxalq təşkilatların əməkdaşları iştirak etmişlər. 

     Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi Vüqar Əliyev təmsil etmişdir. Plenar iclas və sessiyalarla müşaiyət olunan konfransda beynəlxalq əməkdaşlıq və korrupsiyaya qarşı mübarizədə yeni texnologiyaların tətbiqi mövzularında çıxışlar və təqdimatlar  iştirakçıların diqqətinə çatdırılmışdır. Tədbirin ikinci günü müasir texnologiyaların sərgisi nümayiş etdirilmişdir.

     Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə  təşkil olunmuş iclas və digər görüşlərdə V.Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət proqramının qəbulu və müvəffəqiyyətlə icrası, ölkəmizin korrupsiya ilə mübarizədə beynəlxalq nəzəriyyə və təcrübəni özündə əks etdirən Konvensiyalara qoşulması və milli qanunvericiliyə  implementasiyası, bu sahə üzrə ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin təşkili və fəaliyyətə başlaması, eyni zamanda idarə tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

     Tədbirin davamı olaraq iyunun 7-8-də Corc Vaşinqton Universitetinin  hüquq fakultəsində  cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması mövzusunda ikigünlük təlim təşkil edilmişdir. Təlimlərdə həmin Universitetin professorları  Jack Smitt və Thomas  Lasicin mühazirələri böyük maraqla qarşılanmışdır.