Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-29
Şəki Pedaqoji Kollecinin şöbə müdiri cinayət başında yaxalanmışdır

     Qəbələ rayon sakini Həmidov Məcid Həmid oğlunun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Səmədov Nəriman Vahid oğlu tərəfindən oğlunun həyat yoldaşı Aslanlı Vüsalə Əzizağa qızının həmin kolleci müvəffəqiyyətlə bitirməsinə baxmayaraq diplomun verilməsinə görə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, N.Səmədov 2012-ci ilin aprelində kollecin məzunu V.Aslanlının həmin təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsinə görə qayınatası M.Həmidovdan 500 manat pul tələb etmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.

     N.Səmədovun xidməti otağına və yaşadığı evə baxış aparılan zaman vətəndaşın adına olan əsas təhsil haqqında şəhadətnamənin əsli, doğum haqqında şəhadətnamənin kserosurəti, üzərində vətəndaşların adlarının yazıldığı 2 ədəd zərfin içindən 900 manat məbləğində pul aşkar edilərək  götürülmüşdür.

     Fakta görə N.Səmədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. N.Səmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda iş üzrə istintaq davam etdirilir.