Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-10
13 saylı TSEK-in sədri rüşvət alarkən yaxalanmışdır

     Prokurorluq orqanları tərəfindən rüşvət alma  və vəzifəsindən sui-istifadə etməklə digər qanun pozuntularına yol verən şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

     Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz hərəkətləri barədə Abşeron rayonu sakininin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb etmişdir.

     Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində  iyulun 9-da E.Cahangirov komissiyanın inzibati binasında vətəndaşdan 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

     Fakta görə E.Cahangirov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. E.Cahangirov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda iş üzrə istintaq davam etdirilir.