Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-10
Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu davam etdirilir

     Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq, Respublika Baş Prokurorluğu tərəfindən  2012-ci il iyunun 5-də vakant olan 100 ştat vahidi üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.

     Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 2002-ci ildə təməli qoyulmaqla və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.

     Bu günə kimi uğurla keçirilmiş 10 müsabiqə nəticəsində prokurorluq orqanlarında daimi qulluğa qəbul edilmiş 499 gənc hüquqşünas hazırda prokurorluq işçilərinin 51%-ni təşkil edir. Artıq onların sıralarından vəzifədə irəli çəkilən, rəhbər vəzifələrdə işləyənlər də az deyildir.

     Bununla da həyata keçirilmiş tədbirlər prokurorluq işçilərinin tərkibinin əhəmiyyətli dərəcədə gəncləşdirilməsi ilə nəticələnmişdir

     Elan edilmiş növbəti müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 31-nə kimi davam etdiriləcəkdir. Sənədlərin qəbulu başa çatdırıldıqdan sonra test imtahanının vaxtı, yeri və digər məsələlər barədə kütləvi informasiya vasitələri ilə, həmçinin Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.

     Prokurorluq orqanlarında işləmək arzusunda olan hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək tələb olunan sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyati məsələlərlə əlaqədar Baş Prokurorluğun internet səhifəsindən(www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və 437-28-56, 492-62-23, 492-74-32, 492-39-95 nömrəli telefonlar vasitəsi ilə zəruri məlumatları  əldə etmək olar.