Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-04-22
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin birinci rübü ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir

Aprelin 22-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ilin birinci rübü ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı Mübarizə Üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi 2015-ci ilin birinci rübü ərzində də bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının  yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilməkdədir.

Ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, mütərəqqi institusional tədbirlər həyata keçirilmişdir.

Belə ki, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununlarında dəyişikliklər edilməsi haqqında 14 fevral 2014-cü il tarixli qanunlar və həmin qanunların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərman və Sərəncamları ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlanmış və statusu artırılmaqla səlahiyyətləri daha da genişləndirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilərək Baş İdarə əməkdaşların ştat vahidi 100-dən 140-a çatdırılmışdır.

9 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş İdarənin yeni strukturu, yeni strukturu, idarə və şöbələrin təsdiq edilmiş və əməkdaşlar yeni strukura uyğun vəzifələrə təyin edilmişlər.

2015-ci ilin birinci rübü ərzində Baş İdarənin İstintaq idarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilmişdir.

Rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş  18. 556. 668 manat məbləğində ziyanın 5. 894. 138 manatı və ya 31,7 %-nın ödətdirilməsi təmin edilmiş, cinayət işləri üzrə 104. 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosesual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülümüşdür.

Hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verlmişdir.

2015-ci ilin birinci rübü ərzində Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanmışdır. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasənda başlanmışdır.

Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilmiş, 2 nəfər tutularaq istintaqa təhvil verilmiş, 21 şəxs isə beynəlxalq axtarışa verilmişdir.

 2015-ci ilin birinci rübü ərzində Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılmış, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülmüşdür.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olmuş, 476 şəxs Baş İdarədə qəbul edilmişdir. Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul edilmişdir.

2015-ci ilin birinci rübü ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 1677 müraciət daxil olmuş, bunlardan 1477-i ilkin, 200-ü isə təkrar olmuşdur. Daxil olmuş  1677 müraciətin 111-i Baş İdarədə araşdırılmış, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə,  1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.

2015-ci  ilin birinci rübündə də “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır.

Qeyd edilən dövr əzindəkorrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verilirmişdir.

Belə ki, 6 mart 2015-ci il tarixdə Avstriya Respublikasının Laksenburq şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) yaradılmasının 4-cü ildönümünə həsr edilmiş tədbirdə iştirak edən IACA Assambleyasının sədri,  Azərbaycan Respublikasının Baş prokuroru  Zakir Qaralov  çıxış edərək dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin ölkəmizdə prioritet olduğunu, kompleks və ardıcıl inzibati və institusional islahatların həyata keçirildiyini, bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

2015-ci il 15-19 mart tarixlərində Türkiyənin Baş prokuroru Həsən Erbilin dəvəti ilə Türkiyə Respublikasında səfərdə olmuş Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Türkiyə Baş Prokurorluğunda ikitərəfli görüş keçirilmiş, hər iki ölkənin prokurorluq orqanları arasında, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan və Türkiyə prokurorluqları arasında Anlaşma Memorandumu imzalanmışdır.

Xüsusi qeyd edilmişdir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm uğurlar əldə edildiyini, Azərbaycan hökumətinin korrupsiyaya qarşı yönəlmiş addımlarını və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini yüksək qiymətləndirmiş, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini uğurlu model kimi dəyərləndirərək bu qurumun digər ölkələr üçün nümunə olduğunu, Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərinin fəaliyyətini isə ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirmişdir.

Martın 23-24-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 15-ci Monitorinq Görüşündə iştirak edən Azərbaycan Respublikasının OECD təşkilatının Antikorrupsiya Şəbəkəsi üzrə milli koordinatoru, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxış edərək  dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan genişmiqyaslı tədbirlər ətraflı məlumat vermişdir.

Bundan başqa, K.Əliyev  26 mart 2015-ci il tarixdə Brüssel şəhərində Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa Bürosunun (OLAF) və Korrupsiyaya qarşı Avropa Tərəfdaşları (EPAC) şəbəkəsinin rəhbəri Covanni Kessler ilə görüşərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin EPAC şəbəkəsinə qoşulmasına dair müvafiq məktubu təşkilatın rəhbərliyinə təqdim etmişdir.

2015-ci ilin 8-9 aprel tarixlərində Bəhreyn Krallığının Manama şəhərində Beynəlxalq Prokurorlar növbəti İllik Yaz İclasının sessiyasında iştirak edən  Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Baş İdarə rəisi Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Antikorrupsiya alt domeninin yaradılması və Böyük Britaniya Krallığı Prokurorluğu Xidməti və Braziliyanın Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikasının Baş prokurorunun təşəbbüsü ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin domenin aparılması barədə təqdimatla çıxış etmişdir.

16 aprel 2015-ci il tarixdə Qətərin paytaxtı Doha şəhərində BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 13-cü konqresində  Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi mövzusunda çıxış etmış, ölkəmizdə həyata keçirilmiş institusional və praktik tədbirlər barədə məlumat vermişdir.

Türkiyənin G20 (Böyük iyirmilərin sammiti) sədrliyi,  OECD və Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupu Qurumunun (GRECO) 67-ci İclası çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak etmişdir.

Gələcəkdə də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi istiqamətində fəaliyyət və əlaqələrini daha da inkişaf etdirəcəkdir.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin I rübü ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.