Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-18
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 2012-ci ilin I yarımili ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir

     İyulun 18-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatların nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

     Mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov çıxış edərək görülmüş işlər barədə məlumat vermişlər.

     Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2012-ci ilin I yarımili ərzində həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətləndirilmiş məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bütün sahələrində yenidənqurma işləri həyata keçirilmiş, yüksələn xətlə artan sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmışdır.

     Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiya ilə mübarizəni inzibati və iqtisadi metodların vəhdəti üzərində quran prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Korrupsiyaya qarşı mübarizə idarəsi isə əvvəlki illərdə olduğu kimi hesabat dövrü ərzində də fəaliyyətini uğurla davam etdirmişdir.

     Təsadüfi deyil ki, 11 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndirən Dövlət başçısı cənab İlham Əliyev korrupsiyaya qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini bildirməklə bu sahədə işlərin daha surətlə aparılmasının zəruriliyini vurğulamış, eyni zamanda institusional islahatlar, elektron sistemə keçid və bir sıra əhəmiyyətli addımlar atılmaqla daha ciddi nəticələrin əldə ediləcəyinin mümükünlüyünü qeyd etmişdir.

     Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Dövlət Başçısının 13 iyul 2012-ci il tarixli Fərmanı korrupsiyaya ilə mübarizə sahəsində mühüm institusional tədbir olmaqla vətəndaşların rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.

    Vətəndaş hüquq və azadlıqlarının qarantı kimi müraciətlərə baxılmasını bütün vəzifəli şəxslərin, dövlət qulluqçularının ümdə vəzifəsi hesab edən Dövlət başçısının tövsiyyələrinə müvafiq olaraq bu məsələ xüsusi diqqət mərkəzində saxlanılmışdır.

     Belə ki, 2012-ci ilin I yarımili ərzində idarə tərəfindən vətəndaşların 1328 müraciətinə baxılmışdır. Daxil olmuş 27 müraciət və 83 digər məlumatlara (ümumilikdə 110) cinayət xarakterli material kimi baxılmışdır ki, onlardan 61-i və ya 55,45 %-i üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır.

     Vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi istiqamətində korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədi ilə fəaliyyətə başlamış "161 Qaynar xətt" əlaqə mərkəzinə hesabat dövrü ərzində 2624 müraciət daxil olmuşdur.

     İdarə tərəfindən vətəndaşların müraciətləri diqqətlə, qayğı ilə araşdırılaraq onların pozulmuş hüquqları bərpa edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunması, hüquqi və fiziki şəxslərə dəymiş ziyanın ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirlmşdir.

     Belə ki, "Qaynar xətt" əlaqə mərkəznə daxl olmuş müraciətlərin bir qsimi nəzarətdə saxlanılmaqla "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinin tələblərinə müvafiq olaraq aidiyyəti üzrə nazirlik, komitə, təşkilatlara və aidiyyatı rayon (şəhər) prokurorluqlarına göndərilməklə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi və cavabların alınması təmin edilmişdir.

     Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində 1000-dən artıq müraciət müəllifinin ərizə, şikayət və müraciətinin müsbət həll olunması təmin edilmiş, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmiş və 20 müraciət üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır.

     Eyni zamanda, "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı idarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar verilmiş, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

     Korrupsiya ilə əlaqədar olmayan 1800-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilmişdir.

     Qanunvericiliyə mühüm dəyişikliklər edilməklə prokurorluq orqanlarına korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bu kateqoriyadan olan cinayətlərin aşkar edilməsi, qarşısının alınması istiqamətidə səmərəli nəticələr əldə etməyə zəmin yaratmışdır.

     Belə ki, hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar idarəyə ümumilikdə 236 müraciət daxil olmuş, onların 36-sı vətəndaşların yazılı ərizələri olmuşdur. Görülmüş tədbirlər nəticəsində 26 vəzifəli şəxs cinayət başında yaxalanmaqla barələrində cinayət işləri başlanmışdır.

     Xüsusi vurğulanmışdır ki, idarənin tərkibində əməliyyat fəaliyyətini həyata keçirən struktur qurumun yaradılması nəinki korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan rüşvət alma (passiv rüşvətxorluq) cinayətlərinin aşkar edilməsində mühüm rol oynamış, eyni zamanda əsasən latent xarakter daşıyan rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətlərinin də aşkar edilməsinə imkan yaratmışdır.

     Belə ki, Şəmkir rayon sakini qardaşına əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinə rüşvət verərkən cinayət başında yaxalanmışdır.

     Hesabat dövründə idarənin şöbələrindən daxil olmuş 104 əməliyyat tapşırığı icra olunmuş, axtarışda olan 21 şəxsdən 14 nəfəri tutulub istintaqa təhvil verilmiş, hazırda axtarışda olan 7 şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması müəyyən edilmiş və onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

     2012-ci ilin I yarımili ərzində idarədə 141 cinayət işinin ibtidai istintaqı aparılmış, onlardan 160 şəxs barəsində 82 cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş cinayət işlərindən 98 şəxs barəsində 41 iş ağır cinayətlər məhkəməsinə, 62 şəxs barəsində 41 cinayət işi rayon (şəhər) məhkəmələrinə göndərilmişdir.

     Həmin cinayət işləri əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq, talama, dələduzluq və digər faktlarla əlaqədar olmuşdur.

      Məhkəmələrə göndərilmiş 82 cinayət işi üzrə ibtidai araşdırma mərhələsində hüquqi və fiziki şəxslərə dəymiş 7 milyon 484 min 241 manat məbləğində ziyanın ödənilməsi təmin edilmişdir.

      Məhkəmədə baxılmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərdən bəraət alanı olmamışdır.

     Korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan rüşvətxorluğa qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla bu kateqoriyadan olan cinayət faktlarının aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilmişdir.

     Belə ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində torpaq sahəsi ayrılması üçün Bakı şəhəri, Binə qəsəbə bələdiyyəsinin sədri və onun müavini 4.500 manat, vətəndaşı cinayət məsuliyyətindən azad etmək üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili 1.500 ABŞ dolları, yazılmış cərimənin ləğv edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə dövlət əmək müfəttişliyinin rəis müavini 1.500 manat, vətəndaşın 2-ci ali təhsil almaq məqsədilə universitetə qəbul edilməsi üçün Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi 40.000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanmışlar.

     Cinayət işlərinin istintaq zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəalarına ciddi əməl edilmiş, məhkəməyədək icraat zamanı həbs qətimkan tədbiri müstəsna tədbir kimi yalnız cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə azadlığın məhdudlaşdırılması ilə bağlı olmayan qətimkan tədbirləri vasitəsilə nail olmasının qeyri-mümkünlüyünü təsdiqləyən sübutlar və cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş əsaslar mövcud olduğu hallarda seçilmişdir. Məhkəməyə göndərilmiş işlər üzrə təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması ilə əlaqədar cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması halları olmamışdır.

     Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində ən müxtəlif formalarda təzahür edən korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı çoxsaylı istiqamətlər üzrə aparıldığından idarədə yeni təşkil edilmiş Mütəxəssislər qrupunun əməkdaşları bu məqsədlə müxtəlif peşə sahələri ilə əlaqədar prokurorlara və müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyələr verərək təqdim edilmiş material və cinayət işləri üzrə bir sıra yoxlamalar aparmış və onların nəticələri üzrə müvafiq rəylər tərtib etmişlər.

     Hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində işini inzibati və iqtisadi metodların vəhdətdə quran idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

     Belə ki, daxil olmuş cinayət xarakterli məlumatların araşdırılması, eləcə də kütləvi informasiya vasitələrində verilmiş yazıların təhlili son vaxtlar çoxmənzilli yaşayış binalarının inşa edilməsi və belə binalarda mənzillərin vətəndaşlara satılması sahəsində kütləvi və ciddi qanun pozuntularına, dələduzluq hallarına yol verildiyini aşkara çıxarmışdır.

     Preventiv xarakterli tədbirlərin görülməsi istiqamətində işlərin davamı olaraq 2012-ci ilin aprelində "Çoxmənzilli yaşayış binalarının tikilməsi üçün mənzil-tikinti kooperativlərinin yaradılması və mənzillərin satılması sahəsində problemlər və onların aradan qaldırılması yolları barədə" təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmişdir.

     Bu müddət ərzində bir sıra qurumlarda korrupsiya hüquqpozmaları barədə müraciətlərə baxılması zamanı aşkar edilmiş qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə təqdimatlar hazırlanmışdır. Korrupsiya hüquqpozmalarının araşdırılması ilə əlaqədar ümumilikdə 9 təqdimat verilmişdir. Qanunvericiliyin pozulmasında təqsirli olan 2 vəzifəli şəxs barəsində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati icraat başlanılaraq baxılması üçün aidiyyəti təşkilatlara göndərilmişdir.

     Aşkar edilmiş qanun pozuntularının, onları doğuran səbəblər və şəraitin aradan qaldırılması, bu sahədə mövcud qanunvericilikdəki boşluqlar, çatışmazlıqlar, qanun pozuntularının aradan qaldırılması yolları barədə konkret təkliflər paketi hazırlanaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasına təqdim olunmuşdur.

     Prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan həkətlərə yol vermiş şəxslərin müəyyən edilməsi sahəsində də idarənin Daxili təhlükəsizlik xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

     Belə ki, icraatda olan konkret cinayət işləri üzrə ayrı-ayrı vətəndaşları cinayət məsuliyyətindən azad etmək üçün onlardan rüşvət aldıqlarına görə Fizuli rayon prokuroru əvəzi, Daşkəsən rayon prokurorunun köməkçisi, Gəncə şəhər prokurorluğunun sabiq müstəntiqi barəsində idarədə aparılmış araşdırmalar üzrə cinayət işi başlanmış, həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

     İdarənin fəaliyyətində prioritet istiqamətlərdən olan korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq hesabat dövründə də davam etdirilmiş, 25 yanvar 2012-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.

     Münasibətlərin genişləndirilməsində qarşılıqlı maraqlara əsaslanan Memorandumda korrupsiya qarşı mübarizə sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq barədə razılıq əldə edilmişdir. Sənəddə o cümlədən, davamlı əlaqələr çərçivəsində vətəndaşlarda korrupsiyaya qarşı dözülməz münasibətin - vətəndaş mövqeyinin formalaşdırılması üçün antikorrupsiya biliklərinin yayılması, maarifləndirmə məqsədilə birgə layihələrin həyata keçirilməsi, eyni zamanda korrupsiyaya qarşı mübarizəyə dair nəşrlərin və sosial reklam məqsədi daşıyan digər əyani vəsaitlərin birgə hazırlanması, yayılması, birgə səylər nəticəsində vətəndaşlarda korrupsiyanın qarşısının alınması, aradan qaldırılmasının, bu sahədə nailiyyətlər əldə edilməsinin mümükünlüyünə inam hissinin formalaşdırılması üçün səylərin gücləndirilməsi nəzərdə tutulmuşdur. Memorandumda həmçinin kütləvi informasiya vasitələrinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış və təhqiqat jurnalistikası ilə məşğul olan nümayəndələri üçün təlim, seminar və treninqlərin keçirilməsi, birgə dövri maarifləndirici veriliş və proqramların hazırlanması və keçirilməsi kimi məsələlər də öz əksini tapmışdır.

     Hesabat dövründə Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaşların maarifləndirilməsi çərçivəsində qeyri-hökumət təşkilatı olan Korrupsiyaya qarşı mübarizə Fondu ilə birlikdə "Antikorrupsion yaddaş" bukleti hazırlanmışdır.

     Rusiya Federasiyası və Ukrayna Respublikası Baş Prokurorluqlarının müraciətinə əsasən idarənin "Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyətinə dair sənədlər, o cümlədən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Qaynar xətt" əlaqə mərkəzinin yaradılması haqqında" əmr və "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında" Qaydalar idarə əməkdaşları tərəfindən rus dilinə tərcümə edilərək beynəlxalq əməkdaşlıq və müsbət iş təcrübəsinin yayılması çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərilmişdir.

     Bu müddət ərzində idarə əməkdaşları Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları, qeyri-hökümət təşkilatları və bir sıra beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş konfrans, dəyirmi masa, seminar və ictimai dinləmələrdə iştirak edərək çıxışlar etmiş, korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumatlar vermişlər.

     Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə, dövlət təşkilatlarının məsul şəxslərinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və qeyri-hökumət təşkilatlarının üzvlərinin iştirakı ilə 2012-2015-ci illər üçün nəzərdə tutulmuş "Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın layihələri hazırlanmış, eyni zamanda sənədlər beynəlxalq təşkilatlar tərəfindən öyrənilməklə müvafiq rəylər verilmişdir.

     Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini nəzərə alaraq hesabat dövrü ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir.

     Hesabat dövrü ərzində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Planına müvafiq olaraq Azərbaycan Respublikası üzrə dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində işlər davam etdirilmişdir.

     Cari il fevralın 22-dən 24-dək Parisdə keçirilmiş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi İdarə rəisinin sədrliyi ilə keçirilən Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində növbəti Monitorinq iclasında korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizin siyasi rəhbərliyi tərəfindən həyata keçirilmiş qanunvericilik və institusional tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış cinayət təqibi barədə ətraflı məlumat verilmişdir. Tədbirdə idarə tərəfindən ingilis dilində hazırlanmış "Azərbaycan Respublikasında hüquq-mühafizə tədbirləri ilə korrupsiyaya qarşı mübarizə" adlı vəsait iştirakçı dövlətlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurası nümayəndlərinin böyük marağına səbəb olmuşdur.

     140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) cari il iyunun 25-28-də Çinin Dalyan şəhərində keçirilmiş beynəlxalq seminarda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri müxtəlif mövzulara həsr olunmuş müzakirələrdə çıxışlar edərək ölkəmizin antikorrupsiya təcrübəsindən danışmış, faydalı fikir və təcrübə mübadiləsi aparmışlar.

     20-23 mart və 14-16 may 2012-ci il tarixlərdə Frans Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlər Qrupunun (GRECO) 54-cü Plenar iclasında Azərbaycan Respublikasının 3-cü raund uyğunluq prosedurunun dinlənilməsi keçirilmişdir.

     18-22 iyun 2012-ci il tarixlərində Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun 3-cü sessiyasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin və BMT-nin Narkotiklər və Cinayətkarlıq Əleyhinə İdarəsi Katibliyinin əməkdaşlarının, həmçinin Bosniya və Herseqovina və Qvatemala Respublikasının ekspertlərinin birgə səyləri nəticəsində tərtib edilmiş Azərbaycan tərəfindən Korrupsiya əleyhinə BMT Konvensiyasının bir sıra maddələrinin implementasiyasına dair hesabat layihəsinin müzakirəsi aparılmışdır. Tədbir çərçivəsində BMT-nin "Korrupsiya əleyhinə" Konvensiyasının bəzi müddəalarının implementasiyası çərçivəsində 2013-cü ildə dəyərləndiriləcək dövlətlərin püşkatma yolu ilə seçimi həyata keçirilmişdir. Püşkatma prosesində Azərbaycan Respublikası Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət qismində seçilmişdir.

     İdarə tərəfindən ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri dövlət qurumlarının, eləcə də özəl sektorun nümayəndələrinin ixtisaslarının artırılması, təcrübə mübadiləsi, bu sahədə elmi araşdırmaların aparılması ilə məşğul olan Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat kimi tanınması haqıında Sazişə qoşulması ilə əlaqədar müvafiq səndələrin hazırlanması həyata keçirilmişdir. 29 iyun 2012-ci il tarixdə Dövlət başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında" 2010-cu il sentyabrın 2-də Vyana şəhərində imzalanmış Sazişə qoşulması haqqında qanun imzalanmışdır.

     Hesabat dövründə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti və digər televiziya kanalları vasitəsilə idarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri və istintaqı aparılan cinayət işləri barədə ictimaiyyətə mütəmadi məlumatlar verilmişdir.

     Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bundan sonra da korrupsiya cinayətlərinin qarşısının alınması, aşkar edilməsi, istintaqı və təqsirləndirilən şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.