Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-18
“1001 gecə” istirahət mərkəzində törədilmiş qətlin üstü “İsti izlər”lə açılmışdır

     İyulun 17-də saat 03-00 radələrində Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilməsi və Ramal Bayramovun aldığı xəsarətdən ölməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokuroluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilmiş, 3 ədəd 9 kalibrli giliz, 2 ədəd güllə, 1 ədəd cib bıçağı, qana bənzər ləkələr, meyitin bədənində 1 ədəd güllə aşkar edilərək götürülmüş, hadisə yeri, meyitin fotoşəkilləri çəkilməklə xarici müayinəsi aparılmış və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

     Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

     Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilmiş və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

     Həyata keçirilən tədbirlərlə cinayətdə istifadə edilmiş "Makarov" tipli tapanca hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülmüşdür.

     Hazırda iş üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.