Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-09-13
Vətəndaşlara vurulmuş maddi ziyan istintaq zamanı ödətdirilmişdir
     Məlumat verildiyi kimi, Əliyev Şakir Yusifəli oğlu «AQ İnşaatçı Servis» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə aldatma və etibardan sui-istifadə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2010-2011-ci illərdə cəmiyyətin Nəsimi rayonunda inşa etdiyi 21 mərtəbəli binadan mənzil almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərlə mənzilin dəyəri barədə razılaşaraq binadakı mənzillərin satışına dair vətəndaşlarla müqavilələr bağlamışdır. Mənzillərin dəyərini vətəndaşlardan tam şəkildə aldıqdan sonra qeyd olunan şəxslərə ciddi uçot sənədi olmayan kassa mədaxil orderləri və mənzilə görə heç bir borclarının olmaması barədə maliyyə arayışları verərək külli miqdarda özgə əmlakını ələ keçirməklə dələduzluq etmişdir.

     Bundan başqa, Bakı şəhər sakini Rəşid Qəhrəmanov Ş.Əliyevlə əlbir olaraq həmin binada yerləşən satılmış mənzili digər vətəndaşa təkrar satmaqla onun külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişlər.

     Ümumilikdə vətəndaşlara vurulmuş 3 milyon 52 min 625 manat məbləğində maddi ziyanın istintaq zamanı tam ödətdirilməsi təmin edilmişdir.

     Şakir Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində, Rəşid Qəhrəmanova isə həmin məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittihamlar elan edilmişdir.

     Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün  aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.