Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-09-07
Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə məlumatı

     Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində son günlər baş vermiş ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücülər müəyyən edilərək istintaqa cəlb olunmuşlar.

     Belə ki, avqustun 12-də saat 22 radələrində Bakı-Mərdəkan avtomobil yolunun Qala qəsəbəsi istiqamətindəki yol ayrıcının qarşısında Bakı şəhəri istiqamətində hərəkətdə olan naməlum avtomaşının sürücüsü yolu keçən piyada Samirə Səfərovanı və onun əri Bəxtiyar Babayevi vuraraq hadisə yerindən qaçmışdır. S.Səfərova və B.Babayev xəstəxanaya yerləşdirilmiş, lakin göstərilən tibbi yardımlara baxmayaraq B.Babayev aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür.

     Fakta görə Xəzər RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

     Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxsin «Hunday Sonata» markalı «10-SC-056» dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən sürücü İmanov Hüseyn Rzaqulu oğlu olması müəyyən edilmiş və o, sentyabrın 6-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

     Bundan başqa, sentyabrın 1-də saat 00:05 radələrində Bakı şəhəri, Azadlıq prospektində yerləşən «Lukoyl» yanacaq doldurma məntəqəsinin qarşısında naməlum avtomaşının sürücüsü yol hərəkəti qaydalarını pozaraq Türkiyə Respublikasının vətəndaşı, Dönmez Alp Kaan Mustafa oğlunu vurub hadisə yerindən qaçmış və zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

     Fakta görə Binəqədi RPİ İŞ-də Cinayət Məcəlləsinin 263.2  və 264-cü  maddələri ilə cinayət işi başlanmışdır.

     Həmin cinayət işi üzrə də aparılan təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini «Mersedes» markalı «10-GV-744» dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş Vəliyev Hafiz Adıgözəl oğlunun törətməsi müəyyən edilmiş və o, sentyabrın 6-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

     Hazırda hər iki cinayət işi üzrə istintaq davam etdirilir.