Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-09-22
Baş Prokurorluqda elmi-praktiki konfrans keçirilmişdir


  Sentyabrın 21-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində "Cinayət prosesində azadlıq və şəxsi toxunulmazlıq hüququnun müdafiəsinin təkmilləşdirilməsi imkanları" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. 

 

      Konfransın işində Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin hakimləri, vəkillər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.        

 

     Baş prokurorun birinci müavini Rüstəm Usubov konfransı giriş sözü ilə açaraq ölkəmizdə hüquqi dövlət quruculuğu, dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində aparılan genişmiqyaslı islahatlar barədə ətraflı məlumat vermişdir.

 

     Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov konfransın Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın peşə hazırlığı və ixtisasartırma işində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri, hüquq mühafizə orqanları, o cümlədən prokurorluq orqanları tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması, onların nəticələrinin tədris prosesində istifadə olunması barədə müddəalarının icrası zəminində Azərbaycan Respublikasının Baş prokurorunun tapşırığına əsasən təşkil edildiyini iştirakçıların diqqətinə çatdırdı. Daha sonra o, məhdudlaşdırılması zərurətdən irəli gələn fərdi hüquqların, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququnun daha səmərəli müdafiəsi üçün imkanların mövcud olduğunu, bunun üçün qanunvericiliyin təkmilləşdirilməsinin, cinayət prosesinə daha çox çəkişmə elementlərinin daxil edilməsinin, cinayət prosesi prosedur və mexanizmlərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun "hüquqi müəyyənlik" və digər keyfiyyət standart və prinsiplərinə uyğunlaşdırılmasının, onların təcrübədə tətbiqi metodikasının öyrənilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi.

 

     Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Ali Məhkəmə tərəfindən insan hüquqlarının, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququnun cinayət prosesində müdafiəsi məsələlərinin daim diqqət mərkəzində olduğunu, bu sahədə məhkəmə təcrübəsinin mütəmadi olaraq öyrənildiyi, bu hüququn müdafiəsi səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirildiyini, o cümlədən 2009-cu il noyabrın 3-də Ali Məhkəmənin Plenumunun qərarının qəbul edildiyini bildirərək həbs qətimkan tədbirinin tətbiqi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prinsipial mövqelərinin təcrübədə nəzərə alınması üsulları barədə geniş məlumat verdi.

 

     Vəkillər Kollegiyasının sədri Azər Tağıyev azadlıq hüququnun müdafiəsi üzrə vəkillərin vəzifələrindən, bu vəzifələrin keyfiyyətlə yerinə yetirilməsi üçün zəruri şəraitin mövcud olmasından, bununla yanaşı aradan qaldırılması qanunvericilik səviyyəsində mümkün olan çətinliklərin hələ də mövcud olmasından, vəkillərin peşə yararlığının artırılması üzrə həyata keçirilən tədbirlərdən, cinayət prosesində tərəflərin, eləcə də tərəflərlə məhkəmələrin qarşılıqlı hörmət şəraitində fəaliyyətinin insan hüquqlarının səmərəli müdafiəsinə zəmin olduğundan geniş söhbət açdı.

 

     Konfransda daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin İnsan hüquq və azadlıqlarının müdafiəsi problemləri kafedrasının rəisi Günay Əyyubova, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin şöbə rəisinin müavini Nadir Mustafayev və digər natiqlər azadlıq və şəxsi toxunulmazlıq hüququnun cinayət prosesində müdafiəsinin müxtəlif aspektləri üzrə  maraqlı məruzələrlə çıxış edərək mövzuya aid şəxsi və təmsil etdikləri orqanların təcrübəsinin təhlili nəticələri, eləcə də qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsi istiqamətləri barədə fikirlərini iştirakçılarla bölüşdülər.

 

     R.Usubov konfransa yekun vuraraq iştirakçılar tərəfindən məhkəmə-istintaq təcrübəsinin və qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret maraqlı təkliflər səsləndirildiyini xüsusi qeyd edərək müzakirələrin prokurorluğun, məhkəmələrin və bütövlükdə hüquq mühafizə orqanlarının fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi.

 

     Tədbir iştirakçılarına "Həbs qətimkan tədbirinin tətbiqi ilə əlaqədar qərarların İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedent təcrübəsinə uyğunlaşdırılması metodikası" adlı metodik vəsait təqdim edildi.