Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-10-06
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə məlumatı

    2012-ci il oktyabrın 5-də saat 12 radələrində ümumi sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmişdir.

 

     İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlığına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirmişlər. Onların cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv hərəkətləri nəticəsində nəqliyyatın hərəkəti təxminən 40 dəqiqə ərzində pozulmuş,  vətəndaşlara məxsus onlarla avtomobilə ziyan vurulmuşdur.    

 

     Xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinin qanunsuzluqlara son qoyulması barədə təkrar xəbərdarlığına və tələbinə məhəl qoymayan aksiya iştirakçıları qabaqcadan hazırlanmış silah qismində istifadə etdikləri uju mismarlı taxta parçaları və dəyənəklər ilə onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişlər. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir.

 

     Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq 65 nəfər saxlanılmışdır.  

 

     Faktla bağlı Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə)  və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanmışdır. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

 

     Hazırda təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.