Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-10-17
Baş Prokurorluq təkzib edir

Bəzi kütləvi informasiya vasitələrində «Xəyal» müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin müdafiə hüquqlarının pozulması, onlara təzyiq göstərilərək müdafiəçilərdən imtina etmələrinin tələb olunması hallarına yol verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir.

Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini  yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Belə ki, 1 mart 2012-ci il tarixdə Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştirak etmə və sair faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər Vüqar Qonaqov və Zaur Quliyev dindirilərkən, şübhəli şəxs qismində tutularkən, onlara ittiham elan olunarkən, barələrində həbs qətimkan tədbiri seçilərkən və onlarla bağlı digər istintaq hərəkətləri yerinə yetirilərkən Azərbaycan Respublikasının Cinayət-Prossesual qanunvericiliyində təsbit olunan hüquqları, o cümlədən hüquqi yardım almaq hüquqları tam təmin edilmiş, bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə  keçirilmişdir.

Göstərilənlərlə yanaşı onların müdafiəçilərinin vəsatət və müraciətlərinə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada və müddətlərdə baxılması təmin edilir.

Bundan başqa 9 oktyabr 2012-ci il tarixdə təqsirləndirilən şəxs Vüqar Qonaqovun vəkili Rəşid Hacılı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən istintaq qrupunun rəhbəri, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim  Ləmbəranskinin iştirakı ilə qəbul edilmiş və Vüqar Qonaqovun müvəqqəti saxlama təcridxanasında saxlanılarkən onunla qeyri-insani rəftar olunmasına dair müraciətində göstərilən xüsusatların ayrıca icraatda araşdırılması barədə konkret göstəriş verilmişdir.