Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-11-06
Azərbaycan Respublikası Prokurorluğunun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələri uğurla davam etdirilir

   Oktyabrın 27-də Tailand Krallığının Patayya şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. Tədbirdə Baş Katibliyin və assosiasiyanın fəaliyyətinə dair hesabat, təşkilati məsələlər, 2011-ci ilin maliyyə hesabatı, növbəti ilin büdcəsi və sair məsələlər müzakirə edilmişdir.

 

     Tədbirdə ölkəmizi Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə  heyəti təmsil etmişdir.

 

     Azərbaycan nümayəndə heyəti daha sonra 29 oktyabr - 01 noyabr tarixlərində Banqkok şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi yığıncağında və 17-ci illik konfransında iştirak etmişdir. Dünyanın 30-dan çox ölkəsindən və bir sıra nüfuzlu beynəlxalq təşkilatlardan 400-dək nümayəndənin qatıldığı illik konfrans "Transmilli mütəşəkkil cinayətkarlıq: onun müxtəlif sahələrdə təzahürü və prokurorun rolu" mövzusuna həsr edilmişdir.

 

     Plenar iclas və seminarlarla müşayiət olunan tədbirdə mütəşəkkil cinayətkarlıqla mübarizənin aktual problemləri, müharibə, korrupsiya, maliyyə, terrorçuluq cinayətlərinin qarşılıqlı əlaqəsi, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, ekologiya cinayətləri, kibercinayətkarlıq mövzularında çıxışlar edilmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Vüqar Əliyev və Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin şöbə rəisi İsmayıl Qayıbov müzakirələrdə aktiv iştirak edərək mütəşəkkil cinayətkarlığın müxtəlif təzahür formaları ilə mübarizə sahəsində ölkə qanunvericiliyi, mövcud təcrübə, mübarizə üsullarına dair öz mülahizələrini bildirmiş, təcrübələrini bölüşmüşlər.

 

     Beynəlxalq Prokurorlar Assosasiyasının ümumi yığıncağında bir sıra təşkilati məsələlər müzakirə olunmuş, xüsusi xidmətlərinə görə fərqlənmiş üzvlərə mükafatlar təqdim edilmişdir. Qurumun növbəti illik yığıncağının 2013-cü ilin 8-13 sentyabr tarixlərində Moskva şəhərində keçirilməsi qərara alınmışdır.

 

     Nümayəndə heyətinin üzvləri Tailand Krallığı, Rusiya Federasiyası, Ukrayna və digər ölkələrin prokurorluq əməkdaşları ilə keçirdiyi görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının müsbət nəticələri, korrupsiya ilə mübarizə sahəsində görülmüş konkret tədbirlər barədə ətraflı məlumat vermiş, qarşılıqlı və səmərəli əməkdaşlığa dair fikir mübadiləsi aparmışlar. Tədbirin sonunda ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti əks etdirən kitabçalar, həmçinin Azərbaycan Prokurorluğu tərəfindən rus dilində hazırlanmış Beynəlxalq Prokurorlar Assosasiyasının fəaliyyət prinsiplərini özündə cəmləşdirən bukletlər konfrans iştirakçılarına təqdim edilmişdir.